Görkəmli Azərbaycan rəssamı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Əli qızı Səmədova 1924-cü ildə anadan olub.
Azərbaycanın ilk peşəkar qadın rəngkarı olan Vəcihə Səmədova (1924-1965) Azərbaycan təsviri sənət tarixində öz layiqli dəsti-xətti və yaradıcılıq manerası ilə seçilən sənətkarlarımızdandır.
V.Səmədova portret yaradıcılığında uğurlu nəticələr əldə edib. Onun portret əsərlərinə misal olaraq “Avtoportret”, “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Sürəyya Kərimovanın portreti”, “Söhbət İbrahimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digərlərini göstərmək olar.
Rəssamın ən yaddaqalan əsərlərindən olan “Kür qırağında” tablosu mürəkkəb kompozisiya quruluşuna və dərin bədii ifadə həllinə malikdir.
Qısa ömür yaşayan və fitri istedada malik olan Vəcihə Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakı, Moskva, Sofiya və digər şəhərlərdə uğurla nümayiş etdirilib. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Vəcihə Səmədovanın yaradıcılığına həsr olunmuş “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filmi çəkilib.
Vəcihə Səmədova 1965-ci ildə vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu 1965-ci ildən Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovanın adını daşıyır.
26.11.2019