Şıxlınski İsmayıl
Şıxlınski İsmayıl Qəhrəman oğlu 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil alıb. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib.
İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub.
İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşıb. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstündən tez saldı. Bircə şeir çap etdirdikdən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm.
İsmayıl Şıxlı şeirdə lövbər salmadan nəsrə yol aldı və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə etmişdi. İsmayıl Şıxlı buna əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazıb. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. Özünün sonralar dediyi kimi, “Ayrılan yollar” kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi. İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrin birində deyirdi: “Ayrılan yollar” şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və “Yanar ürək”, “Böyük dayaq”, “Qara daşlar” kimi romanların yaxşı mənada örnəyi, sələfidir”.
Xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini alıb.
İsmayıl Şıxlı 1995-ci il iyulun 26- da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.