Patisson
Vətəni Braziliya olan boşqababənzər bitki “Patisson” (lat. Cucurbita pepo var. patisson) qabaqkimilər fəsiləsinə aid birillik bitki növüdür.
Yastı-girdə formada, kənarları diliklidir. Başqa sözlə, patissona boşqababənzər qabaq da deyilir. Rəngi açıq yaşıldan ağımtıl yaşıla qədər olur. Yetişib ötmüşlər ağ süd rəngindədir.
Yeyilmək üçün 3-5 günlük patissonlardan istifadə edilir. Yetişib ötmüşlər kobud ətlikli və iri toxumlu olduğundan qida üçün yararsızdır.
Patissonun çəkisi 1 kiloqrama çatır və bir sıra xəstəliklərin dərmanı hesab olunur. Çoxlu miqdarda vitaminlərin, asan həzm olunan sulu karbonların, pektin maddələrinin və qələvi mineral duzların olması nəticəsində patisson zülal qidasının daha yaxşı mənimsənilməsinə və qanın qələvi reaksiyasının saxlanmasına kömək edir. Həkimlər qaraciyər, böyrək xəstəliklərində, həmçinin selikli qişanın iltihabında, xora xəstəliklərində və aterosklerozda patisson işlədilməsini məsləhət görürlər. Patisson olduqca fəal sidikqovucu təsirə malikdir, orqanizmdən mayenin və xörək duzunun çıxarılmasına kömək edir.
Qida, pəhriz və müalicə xassələri qabaq və yunan qabağında olduğu kimidir, lakin dad keyfiyyətləri bu bitkidə xeyli yüksəkdir. Cavan meyvələri qidada (yeməkdə) həlim, yaxud farş şəklində istifadə edirlər. Patissonu qızardır və pörtlədirlər, onları həm duzlamaq, həm də ayrıca, yaxud xiyar və başqa tərəvəzlərlə birlikdə turşuya qoymaq da mümkündür.