Məlikzadə İsi
İsi Abbas oğlu Məlikzadə 1934-cü il mayın 1-də Ağcabədi rayonunun Xalfərəddin kəndində doğulmuşdur.
Orta məktəbi bitirəndən sonra İsi 1952-ci ildə Bakıya gəlib M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsinə daxil olmuş, 1957-ci ildə institutu uğurla bitirib təyinat üzrə Əzizbəyov Neft Mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası işləmişdir. Üç il neft mədənlərində işlədikdən sonra təyinat müddəti qurtardığı üçün işdən çıxıb həmişəlik rayonda yaşamaq ümidi ilə 1961-ci ildə Ağcabədiyə qayıdır. Həmin ildə yazıçı artıq evlənmişdi, bir oğlu və bir qızı vardı, İçərişəhərdə kirayədə yaşayırdı. Bu mənzil məscidin yanında, böyük tut ağacına lap yaxın idi. İsi 1957-ci ildə - institutu bitirdiyi il kirayəçisi olduğu ailənin kiçik qızına evlənmişdi. Bu qız - Əsədova Lətifə Əsəd qızı - tibb bacısı idi. Onların iki qızı, bir oğlu olmuşdur. Qızları Xatirə və Arzu ali pedaqoji təhsil alıblar. Oğlu Saleh ürək xəstəliyindən vəfat etmişdir.
Yazıçının ilk mətbu yazıları 1950-ci illərin sonu 1960-cı illərin birinci yarısına aiddir. O, ədəbiyyata «Kirpi» jurnalında çıxan satirik yazılarla gəlmiş, jurnalda çalışan Salam Qədirzadə ilə dostlaşmışdı. İsinin ilk hekayəsi «Peşmançılıq» adı ilə 1957-ci ildə «Ağcabədi pambıqçısı» qəzetində dərc olunmuşdu. Sonralar uşaqlar üçün yazdığı hekayələri «Pioner qəzeti»ndə, «Pioner» jurnalında çap olunmuşdu. Yazıçı 1960-cı illərin ikinci yarısından ciddi mövzulara daha çox bağlanmışdır.
1964-cü ildə gənc yazıçının ilk hekayələrindən ibarət «Həsrətin sonu» adlı kiçik kitabı çıxır. Buradakı hekayələrdə dəqiq, ifadəli xalq dili var idi, bu dil müəllifin şübhəsiz bədii istedadından xəbər verirdi. Lakin həyata münasibət baxımından gənc müəllifin ilk hekayələri sadəlövh təsir bağışlayırdı. Həyatındakı növbəti sınaqlar, taleyin zərbələri hələ onun kəndli sadəlövhlüyünü, insanlarda axtardığı işıqlı təsəvvürləri alt-üst etməli idi.
Ədəbi mühitdə işə düzəlməsi İsi Məlikzadə üçün qəzet və jurnalların qapılarını daha geniş açdı. Ədəbi orqanlarda işləmək o zamanlar nasirin çap olunması üçün çox gərəkli idi. Azərbaycan ədəbi mühitində şəxsi münasibətlər hər şeydən çox rol oynayırdı. Ədəbi orqanda işləmək məhz bu yolu gənc yazıçının üzünə açırdı. Tezliklə İsi Məlikzadə «Ulduz» jurnalında məsul katib vəzifəsinə irəli çəkildi (1968-1973).
1969-cu ildə «Gənclik» nəşriyyatında yazıçının ikinci kitabı - «Özgə anası» çapdan çıxdı. O zamanlar nəşriyyatlarda kitablar üç-dörd il əvvəldən oxunub plana salındığı üçün bu topluda yazıçının 1964-1966-cı illərdə, hələ Bakqazda işlədiyi zaman yazdığı üç povesti toplanmışdı.
İsi Məlikzadə 1968-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olundu. 1973-cü ildə − beş il «Ulduz» jurnalının məsul katibi işlədikdən sonra jurnala yeni redaktor gəlməsi ilə bağlı oradan çıxdı və Azərnəşrdə redaktor işləməyə başladı. 60-70-ci illər nəsrinin parlaq nümunələrinin müəllifi olan İsi Məlikzadə dolanışıq çətinlikləri ilə bağlı sərbəst yaradıcılıqla məşğul ola bilmirdi: ailəni dolandırmaq üçün o, mütləq haradasa işləməli idi. Yazıçılıq isə onu dolandıra bilmirdi, çünki kitabları ancaq üç-dörd ildən bir plana düşürdü. Onlardan alınan qonorarla peşəkar yaradıcılıqla məşğul olmaq mümkün deyildi.
Ona görə yazıçının 1974-cü ildən işlədiyi vəzifələr ancaq onun vaxtını alır və onun yeni-yeni əsərlər üzərində işini yubadırdı. Ədəbi zövqü və mövqeyi aydınlaşdıqdan sonra onun müxtəlif redaktorlarla, onların əli altında işləməsi çətinləşirdi. Ona görə 70-ci illərin ortalarından İsi Məlikzadə müxtəlif yerlərdə qısa müddətlərdə işləmişdir.
Yazıçı 1980-ci illərdə kəndə tez-tez gedib-gəlir, orada işləyirdi. Bu illərdə bir sıra əsərlər məhz yazıçının doğma ata evində yazılmışdı. Lakin İsi Məlikzadə uzun müddətə kənddə də yaşaya bilmirdi. Ona görə yazıçı 1988-1990-cı illərdə Akademik Dram Teatrında ədəbi hissə müdiri işlədi. Onu teatrın direktoru Həsən Turabovla çoxillik dostluq münasibətləri bağlayırdı.
İsi Məlikzadənin ilk kitabı olan «Həsrətin sonu» 1964-cü ildə, sonuncu − onuncu kitabı «Dolaşaların novruz bayramı» kitabı isə 1992-ci ildə çıxmışdır. Təxminən otuz il ərzində yazıçının on kitabı çıxmış və onların arasında 3-4 il ara olmuşdur. «Kövrək qanadlar» (Gənclik, 1973), «Küçələrə su səpmişəm» (Gənclik, 1977), «Yaşıl gecə» (Yazıçı, 1979), «Günəşli payız» (Yazıçı, 1982), «Dədə palıd» (Yazıçı, 1984), «Gümüşgöl əfsanəsi» (Yazıçı, 1987), «Şehli çəmənlərin işığı» (Yazıçı, 1991), «Dolaşaların novruz bayramı» (Gənclik, 1992). Bu kitablarda bir sıra povestlərin təkrar çap edildiyini nəzərə alsaq, etiraf etməliyik ki, yazıçının ən məhsuldar dövrü 70-ci illər idi. Ümumilikdə isə onun irsi o qədər də böyük deyildir. Görünür müxtəlif redaksiyalarda işləməsi onun həddən artıq vaxtını almışdır.
Yazıçının 80-ci illərdə qələmə aldığı hekayələrdə dərin bir bədbinlik, çıxılmazlıq əhval-ruhiyyəsi var idi. Belə halda məhsuldar yaradıcılıqdan söhbət gedə bilməzdi. Yazıçı 1990-1994-cü illərdə «Azərbaycan» jurnalında şöbə müdiri vəzifəsindən simvolik bir əmək haqqı alırdı. 1990-1995-ci illər yaradıcı ziyalılar üçün ən çətin imtahan dövrü oldu.
İsi Məlikzadə 1995-ci il dekabrın 5-də Bakıda ürək xəstəliyindən vəfat etmişdir. O, öz vəsiyyətinə uyğun olaraq Ağcabədidə dəfn olunmuşdur.
06.03.2020