Xərçəngkimilər
Xərçəngkimilər dəniz və şirin sularda, kiçik və böyük su hövzələrində, dayaz və ən böyük okean dərinliklərində məskunlaşıblar. Bəzi xərçəngkimilər quruda yaşamağa uyğunlaşıblar. Indiyə kimi xərçəngkimilərin 20 mindən artıq növü məlumdur.
Şaxəbığlı xərçənglər dəstəsi öz adlarını başındakı antennaya oxşar iri bığlarına görə almışlar. Bu antennalar uzun cod tüklərlə örtülüdür. O, hər iki bığla eyni vaxtda “qanad çaldıqda ” suda özünü itələyir və qısa sıçrayışlarla hərəkət edir. Buna görə də onları hərdən su birələri də adlandırırlar. Xərçənglərin bədəni yarımşəffaf xitindən ibarət ikitaylı çanaqla əhatə olunub.
Xərçənglər bütün şirin su hövzələrində yaşayırlar və onların ən tanınmış nümayəndəsi dafniyadır. Şaxəbığlı xərçənglər bütün həyatlarını suda keçirirlər və balıqların qidalandığı şirin su planktonlarının əsas tərkibini təşkil edirlər. Xərçənglər özləri bakteriyalarla və birhüceyrəli yosunlarla qidalanırlar.
Dünya okeanındakı dəniz planktonlarının 90 %-ni xərçəngkimilər təşkil edir. Bu planktonlar mikroskopik yosunlarla qidalanır və üzvi maddələr ifraz edirlər. Əksər balıqlar və balinalar bu plankton xərçənglərlə qidalanır.
Əksər xərçəngkimilərin başı, sinəsi və qarnı fərqlənir. Xərçəngkimilər qəlsəmələr vasitəsilə nəfəs alırlar. Qəlsəmələr xərçəngkimilərdə döş və qarın ayaqlarında yerləşir. Bəzi xərçəngkimilərin qanı qırmızı, bəzilərində isə mavidir.
Xərçəngkimilərin ölçüsü bir neçə millimetrdən 80 sm-ə qədər ola bilər. Onların bədənlərinin forması, quruluşu və rəngləri qeyri-adi, müxtəlifdir.
Xərçəngkimilərin bədənləri xitinli zirehlə örtülüb. Bu zireh onları yaxşı müdafiə edir, lakin böyüməyə qoymur. Buna görə də vaxtaşırı xərçəngkimilər qabıqdan çıxırlar. Zirehi tulladıqda tez inkişaf edirlər.
Xərçəngkimilər dəniz və şirin su hövzələrindən başqa, bəzi növləri quru həyat tərzinə də uyğunlaşmışlar. Məryəmqurdu bütün landşaft zonalarda və düzənlərdə məskunlaşıb. Bütün məryəmqurdları günəş şüasından qaçırlar və gecə həyat tərzi keçirirlər. Gündüz vaxtı onlar daş altında özləri qazdığı rütubətli sığınacaqlarda gizlənirlər. Məryəmqurdları gecələr bitkilərlə qidalanırlar. Bitkilərdən onlar tənəffüs üçün lazım olan su alırlar.
Xərçəngkimilərin yastıayaq nümayəndəsi qalxancıq şirin su hövzələrinin və yaz gölməçələrinin sakinidir. Onların kiçik yumurtaları quraqlığı yaxşı keçirir və həyat qabiliyyətini 7-9 il qoruyub saxlayır. Quraqlıq dövrünü onlar belə keçirirlər. Gölməçələrə su gəldikdə yumurtalar tez bir zamanda inkişaf etməyə başlayır və onlardan yeni qalxancıqlar əmələ gəlir. Buna görə insanlar elə bilirlər ki, onlar yerə yağışla bərabər düşürlər. Qalxancıqları nadir tapıntı da hesab edirlər, çünki onların müasir növü 200 milyon il bundan qabaq mövcud olmuşdur.
Çoxalma dövründə xərçənkimilər yumurtanı birbaşa suya qoymurlar. Dişi onları özündə xüsusi kameralarda daşıyır. Yumurtalardan çıxan sürfələr böyük heyvanlara oxşamır və başqa həyat tərzi keçirirlər.
Yan üstə üzən xərçəngkimilər yeraltı və şirin sularda, dənizlərdə yaşayırlar. Yan üstə üzənlərin arasında bitkiyeyənlər, yırtıcılar və balina biti kimi parazitlər mövcuddur.
Yan üstə üzənin bədəni doğrudan da yanlarda sıxılmışdır, lakin onlar arxası üstə üzürlər. Buna görə də bu xərçəngkimilər dəstəsinə verilən ad o qədər də düzgün deyil. Əksər yan üstə üzənlər döş ayaqları ilə tutaraq su dibində və bitkilər üzərində sürünürlər. Döş ayaqlarını açıb-yığmaqla üzürlər və arxa qarın ayaqlarını itələməklə sıçraya da bilirlər. Əksər yan üstə üzənlər asanlıqla süxurlar arasında gizlənirlər, bəziləri isə xüsusi boru-ev tikirlər.
18.06.2020