YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Palçıq vulkanları

Vaxtaşırı palçıq, qaz, su və neft püskürməsi ilə müşayiət olunan geoloji proses
 
Maqmatik mənşəli vulkanlara nisbətən məhdud sahələrdə, adətən neft və qaz yataqları olan ərazidə yayılıb. Akademik İ.M.Qubkinin palçıq vulkanları ilə neft yataqlarının əlaqəsi nəzəriyyəsinə əsaslanaraq, Azərbaycanda məşhur Neft Daşları yatağı, Türkmənistanda isə Barsa-Kəlməs və Qotur-Təpə neft yataqları kəşf edilib.
 
Palçıq vulkanları təbiətin unikal abidələrindən olub görünüşünə görə əsl vulkanın kiçicik formasını xatırladır. Lakin vulkandan fərqli olaraq, odlu lava əvəzinə palçıq püskürür. Palçığın üzə çıxıb qaynamasına səbəb isə qazlardır. İlk baxışdan palçığın yüksək temperaturda qaynaması ehtimal edilir. Lakin palçığın temperaturu adətən sabit qalır və ən isti yay aylarında belə +15 dərəcəni keçmir.
 
Yer kürəsində məlum olan 800-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycan ərazisində, 16 min kvadratmetr ərazidə cəmlənmişdir.
 
Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.
 
Bəzi alimlər palçıq vulkanlarının səthə çıxmaq üçün lazım olan istilik enerjisini maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını qırılma zonasından, suyu dənizdən, qazı bitumlu süxurlardan, fəaliyyətinin başlanması üçün lazım olan impulsları isə zəlzələlərdən aldığını qeyd edirlər. Digər alimlər isə palçıq vulkanlarının əsas yaranma səbəbini geodinamikada qırışlar, boşluqlar və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Bir qisim alimlərin fikrincə isə palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır.
 
Palçıq vulkanı təpəsi onun kraterinə uyğun gələn yastı qabarıq formadan dərin çuxuradək müxtəlif formalarda olur. Krater adətən vulkanın mərkəz hissəsində yerləşir, lakin piyalə formasında olan palçıq vulkanlarına da rast gəlinir.
 
Vulkanın püskürdüyü palçıq axınlarının eni bir neçə yüz metr, uzunluğu bir neçə kilometr, qalınlığı isə 10 metr və bəzən çox olur. Güclü püskürmələr ərəfəsində bir sıra radial və konsentrik çatlar əmələ gəlir. 
 
Azərbaycanın "Bozdağ", "Ağtirmə" və başqalar öz adlarını örtüyünün rənginə görə almışlar.
 
Yerləşmə şəraitinə və yerinə görə, palçıq vulkanları yerüstü, gömülmüş və dəniz vulkanlarına bölünür. Azərbaycanda konusvari vulkanlar daha geniş yayılıb. Bunlara Keyrəki, Ağtirmə, Gülbaxt, Böyük Kənizədağ, Torağay, Kalmas, Kürsəngi və başqaları aiddir. 
 
İlk baxışdan sakit görünən palçıq vulkanlarının püskürməsi o qədər də təhlükəsiz ötüşmür. Belə ki XV əsrdə püskürən palçıq vulkanı Azərbaycanın Köhnəgədi kəndini tamamı ilə palçıq altında qoymuşdu. 
 
Palçıq vulkanının iqtisadi və müalicəvi əhəmiyyəti olduqca böyükdür. Belə ki vulkanların püskürdüyü palçıq inşaatda istifadə olunan təbii xammal kimi qiymətli və əvəzsizdir. Vulkan gilindən hazırlanan kərpic yüksək keyfiyyətinə görə fərqlənir.
 
Palçığın tərkibi lazımlı mikroelementlərlə zəngin olduğundan, onların çoxu müalicəvi xüsusiyyətə malikdir. Hələ 1980-ci illərdə ölkənin 16 tibb müəssisəsində vulkan palçığı poliartrit, radikulit və bir sıra dəri xəstəliklərinin və əsəb sisteminin müalicəsində tətbiq edilirdi.
 
Hazırda dünyada palçıq vulkanları yerləşən, möhtəşəm və əsrarəngiz görünüşə malik ərazilərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, müalicəvi əhəmiyyətli kurortlar salınır.