Marşall Adaları Respublikası
Sahəsi: 181 km2
Əhalisi: 62 min nəfər (2007)
Əhalinin sıxlığı: 342,5 nəfər/ km2
Paytaxtı: Macuro (20,0 min nəfər)
Rəsmi dillər: ingilis
Dini etiqad: protestantlıq (90%), katolisizm (9%)
Pul vahidi: ABŞ dolları
Dövlət quruluşu: respublika
Marşall adaları 1986-cı ilə qədər ABŞ-ın qəyyumluğu altında olmuşdur. Respublikanın ərazisinə 34 mərcan adası, 1150 digər adalar daxildir. Onlardan yalnız 20-də yaşayış vardır. Marşall arxipelağındakı adalar iki sırada, 1300 km məsafədə paralel yerləşmiş mərcan adalarından, atoll və riflərdən ibarətdir. Şərqdəki adalar Ratak - "gündoğan", qərbdəki adalar isə Ralik - "günbatan" adlanır. Bu iki adalar həlqəsini 200 km-lik su akvatoriyası ayırır. Kvacaleyn atollu dünyada ən böyük (16 km2) mərcan mənşəli quru sahələrindən biridir, 1700 km2 laqun əmələ gətirir. Adaları ispan dəniz səyyahı Alonso Salasar 1526-cı ildə kəşf etmişdir. 1788-ci ildə ingilislər T.Hİlbert və C.Marşall adada tədqiqatlar aparmış, sonralar Marşallın şərəfinə adlandırılmışdır. XX əsrin ortalarında Bikini də daxil olmaqla bəzi adalarda nüvə sınaqları keçirilmişdir. Ona görə ərazi radioaktiv çirklənməyə məruz qalmışdır. Kvacaleyn atollunda ABŞ-ın hərbi bazası yerləşir, ölkəyə icarə haqqı ödəyir. Ölkənin təsərrüfatının əsasını fosforit hasilatı təşkil edir. Paytaxt Macuro eyni adlı atollda yerləşir. Burada ölkə əhalisinin 40%-i yaşayır. Sakinlərin hər 10 nəfərindən biri turizmdə çalışır. Kvacaleyn və Macurodan kənarda yaşayan əhalinin əsas hissəsi natural təsərrüfatlarda kokos, taro, çörək ağacı becərir və balıq ovu ilə məşğul olur. Maşın və avadanlıqlar, ərzaq, yanacaq, içkilər, tütün məmulatları idxal edilir.