Xəzər qızılbalığı
Xəzər qızılbalığı Cənubi və Orta Xəzərin əsasən qərb hissəsində yayılmışdır. O, Xəzər dənizinə tökülən çaylarda (Kür, Terek, Samur, Lənkəran, Astara, Səfidrud və s.) çoxalan müstəqil sürülər əmələ gətirir. Bu sürülər içərisində ən böyük ölçüyə və kütləyə çatanı Kür sürüsüdür.
Eyni zamanda Kür sürüsü sürətlə böyüməsinə, ətinin dadlılığına görə digər sürülərdən fərqlənir.
Xəzər qızılbalığı keçici balıqdır, çaylarda (əsasən Kür çayında) kürü tökür. Balıq körpələri və sürfələri 1,5-2 il ərzində şirinsulu çaylarda yaşayır, sonra isə dənizə keçirlər. Kürütökmə yerlərinə gəlib çatanadək qızılbalıqlar çayın əksi istiqamətində 1000 km-dək məsafə qət etməli olur.
Kür qızılbalıqlarının çaya girməsi suyun temperaturu 12,8-8,2 °C olduqda başlayır. Bu zaman ovlanan balıqların kütləsi 8,5-9 kq, yaşı 3-5 olur. Hər bir balığın verdiyi kürünün miqdarı 9-10 min ədədə çatır.
Kür qızılbalığı Uzaq Şərqdə yaşayan qızılbalıq növləri kimi kürü verdikdən sonra məhv olur. Bu ancaq qızılbalıqlara xas olan xüsusiyyətdir. Xəzər qızılbalığı dənizin ən çox cənub və qərb hissəsində, 40-50 m dərinlikdə yaşayır. Lakin kürütökmə zamanı onlar İran sərhəddindən başlamış Dağıstan sərhəddinədək olan ərazidə miqrasiya edir.
Dənizdə qızılbalığının körpələri yanıüstəüzən xərçəng, yengəc, krevetka, mizid və s. ilə, yetkin balıqlar isə kilkə, aterina və siyənək körpələri ilə qidalanır.
21.04.2022