Qvineya-Bisau Respublikası
Sahəsi: 36 125 km2
Əhalisi: 1,6 mln. nəfər (2010)
Əhalinin sıxlığı: 44,3 nəfər/km2
Paytaxtı: Bisau (420 min nəfər)
Əsas dillər: portuqal, kreol, balante, fula (fulani), malenke
Dini etiqad: ənənəvi yerli dinlər (yarıya qədər), islam (45%), xristianlıq (5%)
Pul vahidi: Afrika frankı
Dövlət quruluşu: respublika
Qvineya-Bisau 1973-cü ildə Portuqaliyanın müstəmləkəsindən azad ilk ölkə olsa da, siyasi sabitlik yoxdur. O, dünyanın ən kasıb ölkələrindən biridir və xarici maliyyə yardımından asılıdır. Ərazisinin yarısını bataqlıqlaşmış ovalıqlar tutur, mərkəzi və cənub hissələrində isə dağlıq yayla yüksəlir. Sahil xətləri çoxsaylı çayların estuariləri ilə parçalanmışdır. Sahil boyunca 60- dan çox müxtəlif ölçüdə ada vardır. Onlardan ən böyükləri Bijaqoş adalarıdır. Rütubətli tropik iqlimin xas olduğu ölkədə çoxlu yağıntı düşür (1200-2500 mm). Atlantik okeanı sahillərini manqr cəngəllikləri əhatə edir. Onlardan sonra yaranan rütubətli tropik meşələrdə qiymətli ağac növləri vardır. Ölkənin daxili ərazilərində yağıntının miqdarı azalır və savanna zonası əmələ gəlir. Qalay, boksit və mis yataqları kəşf edilmiş, şelf zonada isə perspektiv neft yataqları müəyyən edilmişdir. Lakin bu ehtiyatlar hələlik az istifadə olunur. Əmək qabiliyyətli əhalinin 80%-i əkinçilik (çəltik, qarğıdalı, keşyu və araxis ləpəsi, yağlı palma, darı, kalış) və balıqçılıqla məşğul olur. Əhalinin etnik tərkibi müxtəlifdir. Əsas xalqlara balante (32%), fulbe (22%), malenke (13%) aiddir, ölkədə vətəndaş müharibəsi gedir, bir neçə dəfə dövlət çevrilişi olmuşdur. Əhalinin çox hissəsi yoxsul, 58%-i savadsızdır, uşaqların 11%-i yetkinlik yaşına qədər yaşamır.
17.05.2022