Ekvator Qvineyası Respublikası
Sahəsi: 28051 km2
Əhalisi: 1015 min nəfər
Əhalinin sıxlığı: 36,2 nəfər/km2
Paytaxtı: Malabo (96 min nəfər)
Əsas dillər: ispan, fransız, fanq, bubi
Dini etiqad: katolisizm (80%), ənənəvi yerli dinlər
Pul vahidi: Afrika frankı
Dövlət quruluşu: respublika
Ekvator Qvineyasının ərazisi materik hissəsindən və beş adadan ibarətdir. Ölkənin paytaxtı Malabo bu adaların ən böyüyü olan Biokoda yerləşir. Ekvator Qvineyasının materikdə yerləşən hissəsi (ümumi adı Mbini, əvvəllər Rio-Muni) alçaq (1200 m-dək) dağ silsilələri olan yüksəklikdən ibarətdir. Ərazinin yarısından çoxu keçilməz tropik meşələrlə örtülür. Müxtəlif növ heyvanlar aləminə timsah, fil, bəbir, qorilla və şimpanze daxildir. Meşələrin nəzarətsiz qırılması onların bir çox növlərini məhv olmaq təhlükəsi qarşısında qoyur. Ən böyük ada olan Biokonun landşaftı materikdəki ərazisi ilə təzad təşkil edir. Adada bir sıra sönmüş vulkanlar yerləşir, onlardan ən yüksəyi Malabo (3008 m) vulkanıdır. Vulkanların kraterində mənzərəli göllər yerləşir, yamaclar boyu şəffaf sulu çaylar axır. Vulkan mənşəli süxurlar üzərində yaranan məhsuldar torpaqlarda kakaonun əkinlərindən yüksək məhsul götürülür. XX əsrin sonuna qədər təsərrüfatın əsasını kakao, qəhvə, pambıq becərilməsi, qiymətli ağacların tədarükü təşkil edirdi. Onlar keçmiş metropoliya olan İspaniyaya və Fransaya ixrac olunurdu. Daxili tələbat üçün yams, maniok, çəltik və banan yetişdirilir. Ölkə 1778-ci ildə İspaniyanın müstəmləkəsi olmuş, 1968-ci ildə müstəqillik qazanmışdır. Uzun illərin hərbi diktatura rejimi ölkənin müflis olmasına və əhalinin kasıblaşmasına gətirib çıxarmışdır. 1980-ci ildə şelf zonasında neft yataqları kəşf edilmişdir. Ölkə iri neft ixracatçılarından biridir, hər gün 115 min barrel neft çıxarılır. Lakin gəlirlər az sayda insanların rifahının yaxşılaşmasına xidmət edir, əhalinin əsas hissəsi yoxsulluq şəraitində yaşayır.
09.06.2022