Şərqi Avstraliya
Şərqi Avstraliya regionuna Kvinslend, Viktoriya, Yeni Cənubi Uels ştatları, həmçinin ölkənin paytaxtı Kanberra və Tasnamiya əraziləri aiddir. Zəngin təbii ehtiyatlara malik olan Şərqi Avstraliya ölkənin iqtisadi cəhətdən ən inkişaf etmiş və urbanizasiya səviyyəsi yüksək olan regionudur. 1901-ci ildə Avstraliya İttifaqı yaradılmış və ona dominion statusu verilmiş, 1927-ci ildə Kanberra hökumətin mənzil-qərargahına çevrilmişdir. Kanberra sahildən aralı yerləşən ölkənin ən böyük şəhəridir. Kenquru yalnız Avstraliyada yaşayır. Şərqi Avstraliyada balıq ovu azdır və il ərzində 300 min tonu keçmir.
Gəlirlərin yarısından çoxunu omar (onayaqlı dəniz xərçəngi), krevet və istridyə (dəniz ilbizi) kimi dəniz məhsulları verir. Şərq sahilboyu ərazilərdə ölkənin ən böyük kənd təsərrüfatı rayonu olan düzənlik zolağı yerləşir. Regionun relyefində əsas yeri tutan Böyük Suayrıcı sıra dağları şimaldan cənuba doğru Kvinslenddən Viktoriya ştatına qədər, bütün Sakit okean sahili boyunca uzanır, şərqdə yamacları sıldırımdır. Sıra dağların orta hündürlüyü 1200 m-dir. Yeni Cənubi Uelsdə olan Qarlı dağlarda materikin ən yüksək zirvəsi olan Kostyuşko (2228 m) dağı yüksəlir. Regionda böyük daş kömür yataqları vardır. Avstraliya bu yataqlar hesabına dünyanın ən böyük kömür ixrac edən dövlətlərindən birinə çevrilmişdir.
Böyük Suayrıcı dağları qərbə tərəf tədricən alçalır və geniş yastı relyefə malik Böyük Artezian hövzəsinə keçir. Bura suyundan suvarmada istifadə olunan yeraltı suların ən böyük ehtiyatı toplanan ərazidir. Regionun ən böyük çay sistemi olan Murrey-Darlinqin ümumi uzunluğu 3750 km, sutoplayıcı hövzəsinin sahəsi isə 1 mln. km2-dən artıqdır. Şərqi Avstraliya avropalıların ilk dəfə məskunlaşdığı regiondur. Avstraliyanın şərq sahillərində ştatların inzibati mərkəzi olan üç böyük şəhər yerləşir. Viktoriya ştatının inzibati mərkəzi Melbum, Kvinslend ştatının mərkəzi Brisben və Yeni Cənubi Uels ştatının mərkəzi Sidney şəhərləridir. Mənzərəli buxtada yerləşən Sidney əhalisinin sayı ən çox olan şəhər və ölkənin əsas maliyyə mərkəzidir. Şəhər hər il 6 mln. nəfər turist qəbul edir. Kvinslendin cənub-şərqində yerləşən QoldKost şəhərində 50 km-lik sahilboyu zolaqda yaradılmış mehmanxanalar və kurortlar kompleksində il ərzində 10 mln. nəfərdən çox turist istirahət edir.