YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zakir Bağırov

Azərbaycan bəstəkarı, professor Zakir Cavad oğlu Bağırov 16 mart 1916-cı ildə Şuşada dünyaya gəlmişdir. İlk musiqi təhsilini 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsində almış, 1935-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyası nəzdində musiqi texnikumuna göndərilmişdir.

 

O, musiqi texnikumunu bitirdikdən sonra könüllü olaraq cəbhəyə gedərək İkinci Dünya müharibəsində iştirak etmişdir. Müharibədən sonra ordudan tərxis olunan Z. Bağırov Moskva Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olmuş və 1949-cu ildə həmin konservatoriyanı müvəffəqiyyətlə bitirmişdir.

 

Üzeyir Hacıbəyovdan dərs alan Z.Bağırov özünü həmişə onun yetirməsi hesab etmişdir. 1949-cu ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasıda müəllim, musiqi nəzəriyyəsi kafedrasının müdiri işləmişdir. Z. Bağırovun musiqi folklorumuzun toplanması və nota salınması sahəsində fəaliyyəti də çox önəmlidir.

 

O, 1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında “Rast”, “Dügah” və “Segah-zabul” muğamlarını nota yazmış və çap etdirmişdir. O, həmçinin “Azərbaycan xalq rəqsləri” məcmuəsinin müəlliflərindən biridir. O, 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, həmçinin bu təşkilatın İdarə Heyətinin üzvü olmuş, müxtəlif illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Respublikanın Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri, Azərbaycan Musiqi Fondunun İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır.

 

Onun yaradıcılığında “Aygün” və “Qoca Xattabıç” operaları, iki musiqili komediya - “Qaynana”, “Kəndimizin səsi”, bir uşaq baleti, fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik orkestr üçün, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, bədii və sənədli filmlərə, dram tamaşalarına yazılmış musiqi xüsusi yer tutur. Z. Bağırov 1959-cu ildə “Şərəf Nişanı” ordeninə, 1960-cı ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

 


Zakir Bağırov 8 yanvar 1996-cı ildə Bakıda vəfat etmişdir.