Uollis və Futuna
Sahəsi: 274 km2
Əhalisi: 16 min nəfər (2006)
İnzibati mərkəzi: Mata-Utu (1300 nəfər)
Rəsmi dillər: fransız, futuna
Dini etiqad: katolisizm
Pul vahidi: Sakit okean frankı
Dövlət quruluşu: Fransanın mülkü
Fransanın xarici ərazisi olan vulkan mənşəli Uollis və Futuna Sakit okean regionunda ən geri qalmış ərazilərdən biridir. Uollis arxipelaqı 20 kiçik adadan ibarətdir, sıldırım qayalar və su ilə dolmuş vulkan kraterləri səciyyəvidir. Futuna adasının mərkəzi hissəsi 500 metrə qədər qalxır. Adalar üçün tropik iqlim səciyyəvidir. Uollis arxipelaqı 1767- ci ildə onu kəşf etmiş ingilis səyyahı Semyuel Uollisin şərəfinə adlandırılmışdır. Səyyah adaları Böyük Britaniyanın mülkü elan etmişdir.
1842- ci ildə hər iki arxipelaq Fransanın mülkiyyətinə keçmişdir. Əmək qabiliyyətli əhalinin 80%-i natural təsərrüfatla məşğul olur, kokos, çörək ağacı, manqo və tərəvəz becərir, həmçinin toyuq və donuz saxlayır, balıqçılıqla da məşğul olurlar. Yerli hakimiyyət Fransadan kömək alır. Ətrafda olan sularda balıq ovlamaq üçün Yaponiya və Koreya Respublikası şirkətlərinə xüsusi lisenziyalar satılır. Ətraf sularda sualtı turizmi inkişaf etdirmək nəzərdə tutulur.
16.07.2022