Mərkəzi Amerika Qvatemala Respublikası
Sahəsi: 108 889 km2
Əhalisi: 14,4 mln. nəfər (2010)
Əhalinin sıxlığı: 132,2 nəfər/km2
Paytaxt: Qvatemala (3104 min nəfər)
Rəsmi dillər: ispan, mayya
Din: katolisizm (80%), protestantlıq
Pul vahidi: ketsal
Dövlət quruluşu: respublika
Qvatemala Respublikası dağlıq ölkədir, lakin onun ərazisinin çox hissəsini tropik meşələr tutur. Qvatemala Mərkəzi Amerikada tropik meşələrin ən çox sahə tutduğu ölkədir. Həril tropik meşələrin 17%-i ağac tədarükü prosesində və əkinçiliyin inkişafı üçün məhv edilir, buradayaşayan heyvanlar məhv olmaq təhlükəsi qarşısında qalır.
Dağlar Qvatemalanın ərazisinin 2/3-ni tutur. Onlar 3000 m-dən yuxarı qalxır. Cənubda yüksələn dağlar cavandır, burada 30-dan çox vulkan vardır, onlardan beşi fəaliyyətdədir. Taxumulko (4220 m) Mərkəzi Amerikada ən yüksək zirvədir. Qvatemalanın Sakit okean sahilləri boyu ensiz düzənliklərdə dağlardan yuyulan vulkan küllü süxurlar üzərində məhsuldar torpaqlar yaranmışdır. Sakit okean sahillərində orta aylıq temperatur 23°-27°C-dən yuxarı qalxır.
1800 m-dən yuxarıda temperatur 10°C-dən 16°C-yə qədər qeydə alınır. Əsasən iyun-sentyabr aylarında düşən yağıntıların illik miqdarı 800 mm-ə yaxındır. Qvatemalanın şimalında ölkənin 1/3 hissəsini tutan Peten ovalığı yerləşir. Regionun çox hissəsini müxtəlif növ heyvanların, o cümlədən yaquarın yaşayış yeri olan sıx tropik meşələr örtür. Pişikkimilər ailəsinin bu nümayəndəsi Mərkəzi Amerikada ən böyük yırtıcıdır. Qvatemala 300- 900-cu illərdə qədim mayya sivilizasiyasının mərkəzlərindən biri olmuşdur, ölkə əhalisinin yarıya qədəri qədim mayyaların və digər yerli hindu xalqlarının nəsilləridir. Qalan hissəsi ladinolar - ispan dilli metislərdir. Əmək qabiliyyətli əhalinin 50%-i kənd təsərrüfatında çalışır. Taxıl, və meyvə-tərəvəz daxili istehlak üçün becərilir. Ən vacib ixrac bitkisi qəhvədir, pambıq, sarıkök əkilir, ölkə dünyada çox məşhur ədviyyat olan hilin ən böyük istehsalçılarından biridir.
Toxuculuq, yeyinti, kağız və kimya sənayesi obyektləri vardır. Hazırda ölkədə təhsil və səhiyyədə çoxsaylı problemlər vardır. Qvatemalanın yaşlı əhalisinin 36%-i oxuyub yaza bilmir. Quraq dövrdə ölkəyə gələn 1,5 mln. nəfər turist qədim mayya məskənlərinin xarabalıqlarını gəzməyə çalışır. Onların əsas hissəsi ABŞ və Meksikanın payına düşür. Bu sirli sivilizasiyanın ən iri şəhərlərindən biri olan Tikal daha mənzərəlidir.
17.08.2022