Mixək
Bu 10-12 metr hündürlüyündə olan həmişəyaşıl ağacdır. Mixək ədviyyə və dərman kimi hələ çox qədim zamanlardan istifadə edilir. Hazırda mixəyin qönçələrindən ədviyyə kimi isifadə edilir. Onun qönçələri açmamış halda toplanır. Mixəyin kəskin iyi, xoş ətri vardır. Dadı büzüşdürücü və ədviyyəlidir.
Mixəyin çiçəyi də keyfiyyətli ədviyyə hesab olunur ki, bundan da təbabətdə həzmi yaxşılaşdırıcı vasitə kimi istifadə olunur. Mixək orqanizmə istilik verir, quruducu xüsusiyyətə malikdir. Xörəkdə və çayda mixək ürəyi, mədəni, daxili üzvləri qüvvətləndirir, həzmi gücləndirir.
Eyni zamanda mixək əhval-ruhiyyəni yaxşılaşdırır və ağızdan gələn pis qoxunu aparır. Mixək soyuqdəymə ilə əlaqədər olan bəlğəmli xəstəliklərdə, ürək döyüntüsü zamanı münasib hesab edilir. Burun tutulması və zökəm zamanı əmgəyə mixək sürtmək faydalı hesab olunur. Mixəyi başqa ədviyyələrlə qarışdırıb toz və spirt cövhəri şəklində işlədirlər. Eyni zamanda, mixəkdən yeyinti sənayesində daha çox istifadə edilir.
11.09.2022