YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Pyes

Teatr üçün nəzərdə tutulmuş hər hansı dram əsəri-faciə, dram, komediya, vodevil pyes adlanır. Roman və ya povest üzrə tamaşa hazırlamaq lazım olsa, əvvəlcə həmin əsəri səhnələşdirir, daha doğrusu, pyesə çevirirlər.


Pyesi roman və povestdən fərqləndirən əsas cəhət odur ki, burada təsvir yoxdur. Pyes başdan-başa yalnız danışıqdan ibarətdir. Hər hansı bir pyesdə qəhrəmanlar görüşür və söhbət edirlər, yəni onların arasında dialoq gedir. Bütün məzmun da elə bu dialoqlar əsasında qurulur. Bəli, bu, pyesin ən çox nəzərə çarpan, dərhal diqqəti cəlb edən cəhətlərindən biridir. Ancaq başlıcası bu deyil. Müəllif öz qəhrəmanlarının bu və ya digər hərəkəti haqqında məlumat verərkən, heç vaxt feilin keçmiş zaman formasını işlətmir. O, heç vaxt “gəldi”, “durdu”, “oturdu” və s. demir.

 

Pyesdə mütləq belə yazılır: “daxil olur”, “durur”, “oturur”. Bu ona görə belədir ki, roman və povestlərdə əsas məsələ hadisələri təsvir və nəql etməkdir. Dram əsərində isə hadisələr haqqında bizə heç kim danışmır: hər şey elə bizim gözlərimiz qarşısında baş verir.

 

Pyesdə başlıca cəhət hadisədir. Əbəs yerə deyil ki, pyesin əvvəlində əsərin qəhrəmanları haqqında məlumat verərkən belə yazılır: “İştirak edirlər”. Roman və povestin surətləri haqqında müəllif özü bizə danışır. Pyesin personajları isə tamaşa müddətində fəaliyyət göstərirlər. Bu o demək deyil ki, onlar mütləq gəzir, oynayır, yaxud vuruşurlar. Qəhrəmanların oturub söhbət etmələri də hərəkət deməkdir. Elə iş də burasındadır ki, onlar danışa-danışa nəyi isə həll edir, həyəcanlanır, əzab-əziyyət çəkir, sevinir, kədərlənir, bir sözlə, yaşayır, fəaliyyət göstərirlər. Yerində deyilmiş kiçik bir söz belə pyesdə hərəkətdir. O, qəhrəmanın həyatında böyük dəyişikliyə səbəb ola bilir.

Bəs bu hərəkətlər nə üçündür? Qəhrəmanlar nəyin xatirinə ağlayır, gülür, şənlənir, əzab çəkir, sevir, həyatını qurban verməyə hazır olur, bəzən də gözləriniz qarşısında həlak olurlar? Bütün bunlarda məqsəd odur ki, əsərin əsas ideyası müəllifin demək istədiyi fikirlər tamaşaçıya daha təsirli şəkildə çatdırılsın. Tamaşaçılar teatr salonunu tərk edəndə xeyirxahlıq və ədalət uğrunda mübarizəyə hazır olsunlar.