Qazlar
Bitki, heyvan və insanlar tənəffüs etdikdə havadan yalnız oksigen qazını mənimsəyir. Oksigen olmasa, yerdə həyat da olmaz. Təbiətə oksigen verən yaşıl bitkilərdir. Oksigeni laboratoriyada bəzi maddələri parçalamaqla da alırlar. Oksigenin əsas xassəsi yanmaya kömək etməsidir. Yanan hər şey oksigenlə birləşir və istilik ayrılır.
Azot isə, oksigenin əksinə olaraq, yanmaya kömək etmir. Lakin azot bitkilər üçün qida maddəsidir. Bütün canlıların bədənində çox mühüm azotlu maddələr var.
Havada oksigen və azotdan başqa az miqdarda karbon qazı vardır. Karbon qazı da azot kimi yanmaya kömək etmir, onu söndürür. Bu məqsədlə karbon qazından yanğın söndürməkdə istifadə edirlər. Karbon qazı bitkilərin həyatında böyük rol oynayır. Bitkilərin yaşıl yarpaqları karbon qazını udaraq nişasta (kartof yumruları, düyü və s.) əmələ gətirir.
İnsan tənəffüs etdikdə oksigen ağciyərlərdən qana keçir, bədəndə əmələ gələn karbon qazı isə nəfəslə xaric olunur. Sinifdə, evdə otağın havası dəyişdirilmədikdə karbon qazı çoxalır və baş ağrısına səbəb olur.