Zəncirotu
Dünya florasının tərkibində zəncirotu cinsinin 300-ə qədər növü yayılmışdır. Onun Qafqazda 20, o cümlədən də Azərbaycanda 13 növünə rast gəlmək olar. Bunlardan hələlik ən qiymətlisi dərman zəncirotu — Taraxacum officinale hesab edilir. Dərman zəncirotu hündürlüyü 20-50 sm olan yoğun, şaxəsiz, düyünlü, ətli əsas kökə malik çoxiilik ot bitkisidir. Yerüstü gövdəsi yoxdur, lakin çoxlu kökətrafı rozet əmələ gətirən iri yarpaqlara malikdir. Yarpaqları forma və ölçülərinə görə bir-birindən kəskin surətdə fərqlənir.
Kökətrafı yarpaqlarının kənarları mişarşəkilli (diş-diş) olub, gövdənin yuxarısına doğru uzanmışdır. Kökü nisbətən yoğun, sadə, azca budaqlanandır. Kök boğazı tüklə əhatə olunmuşdur. Kökətrafı yarpaqları novça rolunu oynayaraq, yağış sularını kökə doğru ötürüb, bitkini su ilə təmin edir. Çiçək oxu çılpaq, içərisi boş üfürülmüş formada, hündürlüyü 30 sm olub, yuxarısında diametri 3-5 sm olan tək halında qızılı-sarı rəngli çiçəkləri səbət şəklində yerləşmişdir.
May-iyun aylarında çiçəklənməyə başlayır. Payız aylarında ikinci dəfə yenidən çiçək açır. Adi günəşli günlərdə zəncirotu səhər saat 6- da çiçəklərini açır, axşamlar, eləcə də yağışlı, tutqun, buludlu havalarda bükülür. Bəzi xalqlar zəncirotunu «sərincik», «südləyən»,
«südverən», «baştütək», «xəzri tükütökülən», «avropa papağı» və s. adlarla adlandırırlar.
Zəncirotu Azərbaycanda geniş yayılmışdır. Ona ən çox çəmən, yol kənarlarında, bağ və bağçalarda, meşə açıqlıqlarında, əkin sahələrinin kənarlarında, yaşayış binalarının ətraflarında rast gəlmək olar. Bir sözlə, zəncirotuna düzən sahələrdən tutmuş orta dağ zonalarına qədər hər yerdə rast gəlmək mümkündür.
Zəncirotu qiymətli dərman və qida bitkisi sayılır. Qədim Yunan, Misir, Suriya, Çin, Hindistan təbibləri zəncirotunun köməyi ilə bir sıra xəstəliklərin müalicəsində istifadə olunmasını təklif etmişlər.
Şiddətli ateroskleroz, ağlın itirilməsi və eləcə də uzun illər orqanizmdə toplanaraq qalmış zərərli tullantıları kənar etmək üçün zəncirotunun qurudulmuş kökündən hazırlanmış tozdan istifadə edilir. Bunun üçün hər gün yeməkdən qabaq 5 q tozundan istifadə etmək məsləhət görülür. Zəncirotundan uzun müddət daxilə qəbul etdikdə orqanizmə heç bir zərərli təsir göstərmir. Belə ki, bitkidən uzun müddətdir ki, Qərbi Avropanın bir sıra ölkələrinin xalqları qida kimi istifadə edirlər.