Ənginar
Ənginar çoxillik, göy – yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir.
Bu cinsin dünya florasının tərkibində 11 -ə qədər növü yayılmışdır. Bu növlər çoxillik ot bitkiləri olub, yer kürəsinin əksər ölkələrində qida bitkisi kimi əkib becərilir. Bunlardan keçmiş SSRİ ərazisində mədəni halda əkilib becəriləni Cynara scolymus-dur. Bu, uzun saçaqlı kök sisteminə malik olan çoxillik ot bitkisidir. Yarpaqları iri, lələkvari daraqlanan olub, bəzən tikanlı, yaşıl və yaxud bozumtul-yaşıl rəngdədir. Mavi rəngli çiçəkləri iri, diametri 25 sm olub, şarformalı səbətdir. Meyvəsi iri toxumcuqdan ibarət olub, qara rənglidir.
Ənginardan yeyinti məqsədləri üçün onun ətirli çiçək yatağından, açılmamış hamaşçiçəklərindən (səbətindən), kiçik inkişaf etmiş yarpaq qınlarından istifadə edilir.
Ənginar bitkisinin zərif yumşaq hissəsi çox xoş dada malik olub, dietik xüsusiyyət kəsb etdiyindən xəstə adamlara, o cümlədən şəkəri olanlara verməyi məsləhət görürlər.
Ənginarı tərkibində sinarin maddəsi olduğundan yaşlı adamlara, ateroskleroza məhkum olan xəstələrə verirlər. Bundan xolesterini yüksək olan xəstələrə verdikdə, xolesterin aşağı enir, xəstənin vəziyyəti yaxşılaşır.
Toxumunun tərkibində 30%-ə qədər yağ var ki, bundan da yeyinti sənayesində istifadə olunur. Bunun toxumları quşçuluqda qiymətli yem kimi tətbiq olunur. Bundan başqa, ondan yaşıl və silos kimi mal-qaraya qiymətli yem kimi verilir.
Ənginar Qərbi Avropa, o cümlədən İtaliya və Fransada, Asiya, Afrika, Şimali Amerika ölkələrində mədəni halda əkilib becərilir.
Keçmiş SSRİ-də mədəni halda 3-4 illik ot bitkisi kimi Qafqazda, Azərbaycanda, Orta Asiyada və Krımda becərirlər. Bunu şumlanmış sahələrdə 20-25° temperaturda əkib becərməyi məsləhət görürlər. Əkməyə 1-1,5 ay qalmış əvvəlcədən toxumları 1-2" temperaturda nəmli qumun içərisində saxlanır.
Vegetasiya dövrü sortun növündən asılı olaraq 91-170 gün davam edir. Ənginar toxum, qələm vasitəsilə artırılıb çoxaldılır. 2-3" şaxtaya davamlıdır.
Ənginar əkilmiş sahənin hər hektarından 5 tondan 25 tona qədər səbətcik məhsulu toplanır. Əkin artişoku Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir.
Ənginarın yeməli hissələri gülün dibi və yarpaqların ləti hesab edilir. Ənginarın qövdəsi və ucu kəsilir, üzərinə qaralmasının qarşısını almaq üçün biraz limon şirəsi sıxılır və 20 dəqidə ərzində duzlu suda bişirilir. Yarpaqların ləti zövgə uyğun olaraq sousa batırılaraq yeyilir; gülün dibi isə ənginarın ən ləzzətli hissəsi hesab olunaraq ayrıca, və yaxud salatlara əlavə olaraq yeyilir.
04.05.2023