Jül Qabriel Vern
Jules Gabriel Verne
Fransız yazıçısı, məşhur fantastik əsərlərin müəllifi.
1828-ci il fevralın 8-də Fransanın Nant şəhərində anadan olub. Uşaqlığını liman şəhəri olan Nantda keçirdiyindən onda səyahətə və macəraya böyük maraq yaranır. 12 yaşında gəmiyə minib evdən qaçmağa cəhd etsə də, atası tərəfindən geri qaytarılır. "Bundan sonra tək xəyal dünyasında səyahət edəcəyinə" söz verən gənc, qısa hekayələr və şeirlər yazmaqla məşğul olur.
1846-cı ildə hüquq təhsili almaq üçün Parisə gedir. Burda fransız ədəbiyyatı ilə ətraflı tanış olur, şəxsən tanıdığı Victor Hüqo, Aleksandr Düma kimi ədiblərin təsiri ilə pyeslər yazır və ilk teatr əsərini 12 İyun 1850-ci ildə səhnəyə qoyur. 1852-1855-ci illərdə isə qısa hekayələr qələmə alır və onları Parisdə çıxan "Musée des familles" jurnalında nəşr etdirir.
1872-ci ildə Amiens şəhərinə köçən yazıçı kitablarından əldə etdiyi qazancla "St. Michel" adlı bir yaxta alır və macəralar yaşamaq üçün səyahətlərə çıxır. Manş adalarını, Portuqaliyanı, Hollandiyanı, Danimarkanı, Almaniyanı Əlcəzairi, Maltanı, İtaliyanı gəzir. Bu səfərlərin bir çoxu sonradan onun bir sıra məşhur əsərlərinin süjet xəttini təşkil etdir. Səyahət təəssüratları əsasında "Üzən şəhər" (1870), "Qara Hindistan" (1877), "Yaşıl şüa" (1882), “Lotereya bileti” (1886) romanlarını yazır.
"Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) və digər əsərləri ona dünya şöhrəti gətirir. Jül Vernin "Klodius Bombarnak" əsərində Azərbaycan, Bakı və Xəzər dənizi də təsvir edilib.
1892-ci ildə yazıçı Fəxri legion ordeninə layiq görülür. Ömrünün sonlarına yaxın kor olsa da, yaradıcılığını davam etdirir.
1905-ci il martın 24-də Amiens şəhərində şəkər xəstəliyindən vəfat edir və evinin yaxınlığında dəfn edilir. Jül Vern ümumilikdə 66 romanın, 20-dən artıq povest və hekayənin, 30-dan artıq pyesin və bir neçə elmi və sənədli əsərin müəllifidir. YUNESKO-nun “Index Translationum” layihəsində bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb.
06.08.2015