Marko Polo
Marko Polo (1254-1324) Çinə səyahət etmiş və avropalıları bu əsrarəngiz ölkə ilə tanış etmiş italyan taciridir.
Marko Polonun atası və əmisi də Venesiya tacirlərindən idilər və onlar 1271-ci ildə uzaq Asiyaya ikinci dəfə səfərə hazırlaşanda, onu da özləri ilə götürmək qərarına gəldilər. Səyyahlar İrandan və Qobi səhrasından keçərək yalnız 1275-ci ildə Pekinə çatdılar. Burada Pololar ailəsini mehribanlıqla qarşıladılar və onları böyük monqol fatehi Xubilay xanın sarayına dəvət etdilər. Onlar bir neçə il Çində yaşadılar və gənc Marko Polo Xubilay xanın təklifini qəbul edərək onun yanında işləməyə başladı və bütün ölkəni gəzdi. Pololar ailəsi Çini 1292-ci ildə tərk etdilər və öz evlərinə - Venesiyaya yalnız 1295-ci ildə qayıda bildilər.
Sonradan Marko Polo özünün bütün macəralarını “Marko Polonun səyahəti” kitabında təsvir etdi. Bu kitab Markonun gəzdiyi ölkələrin coğrafiyası, etnoqrafiyası, tarixi haqqında qiymətli mənbədir. Kitab avropalıların bilik dairəsini əsaslı surətdə genişləndirdi, ordan-burdan eşitdikləri ölkələr haqqında müfəssəl məlumat verdi. Marko Polonun – yerdən çıxarılan, yeyiləsi olmayan, lakin yana bilən qara daşların (kömürün) hasilatı haqqında verdiyi məlumatlara ilk zamanlar hətta inana bilmirdilər. Onun kitabında Azərbaycan, Rusiya, tarixi İpək yolu və s. haqqında da ətraflı məlumatlar verilirdi. İlk dəfə 1375-ci ildə tərtib edilmiş dünyanın atlasında Polonun məlumatlarından geniş istifadə olunub.
16.04.2018