Qrafika
Yunan dilində “yazıram, rəsm edirəm, çəkirəm” mənasını verən qrafika təsviri sənətin növlərindən biridir. Bütövlükdə isə qrafika özündə bu sənətin zənginliyini ifadə edən rəsm, qravüra, litoqrafiya və s. sahələri birləşdirir. Əsasən kağız, bəzi hallarda isə perqament və parça üzərində yaradılan qrafika əsərlərinin ağ-qara cizgilərdən "boylanan” müxtəlif mövzulu görüntüləri yığcam ifadə vasitələri ilə çəkilsə də, kifayət qədər duyğulandırıcıdır, desək, yanılmarıq.
Rəsm qrafikanın ən qədim növü hesab olunur. Əgər onun ilkin nümunələri ibtidai dövrün qaya təsvirləri, antik mərhələdə vaza naxışlarıdırsa, sonrakı dövrlərdə isə akvarel, quaş, pastel və tempera ilə ifadə olunan görüntüləridir.
Hazır nümunələri çoxaltmaq imkanı verən qravüra və litoqrafiya texnikaları isə çap qrafikası hesab olunur. Əgər litoqrafiya yalnız XIX əsrdə yaranmışdırsa, Çin qravüra isə artıq VI-VII əsrlərdən məlum idi.
Qrafikanın müxtəlif növləri arasında dəzgah qrafikası, kitab və qəzet-jurnal qrafikası, tətbiqi qrafika və plakat da daxildir.
25.05.2019