Nağıllar, hekayələr

Zəhər

Uzun illər bundan əvvəl Çində bir qəbilədə Lili adında bir qız yaşayırdı. Qəbilənin başçısının da çox gözəl bir qızı var idi. Əvvəllər yaxın rəfiqə olan bu qızların arasında sonradan ciddi ədavət yaranır: davasız bir günləri də keçmirdi. Qızlar arasındakı düşmən münasibət artıq ailə başçılarına da sirayət edirdi. Bir neçə ay sonra artıq bu vəziyyətdən cana doyan Lili atasının köhnə dostu, dərmansatan qoca kişinin yanına gedərək ona dərdini açır. Yaşlı adam bitkilərdən düzəltdiyi bir tozu Liliyə verib deyir:


- Bu, dünyanın ən güclü zəhəridir. Amma bir dəfəyə versən, qız elə o an öləcək və hamı bunu sənin etdiyini biləcək. Sən 3 ay müddətində bu zəhərdən az-az onun yeməyinə qat. Başçının səndən şübhələnməməsi üçün bu 3 ay boyunca qızla xoş rəftar et, qonaq çağırıb ona gözəl yeməklər bişir!


Sevinc içində evə dönən Lili qocanın dediklərini etməyə başlayır. Qıza qarşı xoş davranır, hər gün ən ləziz yeməkləri bişirir və hər dəfə onun yeməyinə bir damcı zəhər qatır. Artıq onların arasında mehribançılıq yaranır. Lilinin xoş rəftarının bəyənən başçı da ona artıq öz qızı kimi baxır. İkinci ayın sonlarına yaxın Lili etdiyi əməldən peşiman olmağa başlayır və vicdan əzabına dözməyərək qoca dərmansatanın evinə gedib deyir:


- Mən qızın ölməsini istəmirəm. Yalvarıram, ona indiyə kimi verdiyim zəhəri qanından təmizləyəcək bir dərman verin!


Qoca gülümsəyərək deyir:


-Qızım verdiyim zəhər yox, şəfaverici otların qarışığı idi. Əsl zəhər sənin ürəyində idi, amma qıza qarşı xoş davrandıqca qəlbindəki zəhər də təmizləndi və yerinə sevgi doldu...