Musiqili Teatrdan uşaqlar üçün Yeni İl macərası...
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı Yeni il şənliklərinin hazırlıqlarına start verib.
AZƏRTAC xəbər verir ki, sənət ocağında Yeni il şənlikləri dekabrın 29-dan başlanacaq. Teatrın balaca tamaşaçıları “Qoğalın Yeni il macərası” adlı səhnə əsərini Azərbaycan və rus dillərində izləyə biləcəklər. Belə ki, Azərbaycan dilində hazırlanacaq səhnə əsərinə rejissor Elməddin Dadaşovun quruluşunda baxılacaq.
Rejissor tamaşa haqqındakı fikirlərini belə bölüşüb: “Bayram tamaşamızı uşaqlıqdan hamıya maraqlı olan “Qoğal” nağılının motivləri əsasında hazırlayırıq. Yeni ilin müjdəçisi olan Şaxta baba bayram axşamı istəkli nəvəsi Qar qızı sevindirmək, təəccübləndirmək istəyir. O, bayram süfrəsi üçün Qar qızdan qoğal bişirməyi xahiş edir. Qar qız qoğal bişirir. Qoğal Şaxta baba və Qar qızdan qaçaraq meşəyə gedir. Hər şey də elə bundan sonra başlayır. Əyləncəli, macəra dolu hadisələr, oyunlar, sirli-sehrli, möcüzəli olaylar sürətlə bir-birini əvəzləyir. Biz tamaşamızı möcüzəli oyun adlandırmışıq”.
Səhnə əsərində balaca tamaşaçılar əyri pəncə Ayı, şələquyruq Tülkü, müftə yem axtaran tənbəl Canavar, qoçaq Dovşan və başqa meşə sakinlərinin Qoğalla macəralarını izləyə biləcəklər. Səhnə əsəri sözügedən tarixdən etibarən hər gün dörd seans olmaqla nümayiş ediləcək.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
11.12.2017