Xəbərlər

Bakı Avropa Liseyində Müəllimlər Günü qeyd olunub

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu gün UNESKO-nun qərarı ilə dünyada 1966-cı ildən, ölkəmizdə isə 1993-cü ildən  qeyd edilir.
 
“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
 
Hər il müxtəlif məktəblərdə Müəllimlər Gününə həsr olunmuş tədbirlər keçirilir, şagirdlər müəllimlərini ən səmimi arzularla təbrik edir, müəllimlik peşəsinin önəm və dəyəri bir daha vurğulanır. 
 
Bakı Avropa Liseyinin 1R1 sinif şagirdləri də Müəllimlər Günü münasibətilə kiçik tədbir təşkil ediblər. Tədbirdə şagirdlər sinif rəhbərləri İbrahimli Aida Nəriman qızı üçün şeirlər oxuyublar, ona əl işlərini təqdim ediblər, xoş arzu və diləklərini bildiriblər. Dərslərinə yaxşı çalışacaqlarına, müəllimlərinin adını daima uca tutacaqlarına söz veriblər.
 
Hazırda Azərbaycanda 7 minədək təhsil müəssisəsində təqribən 200 min müəllim işləyir. Bu isə o deməkdir ki, Azərbaycanın böyük müəllimlər ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan çalışırlar.