İspaniyanın Saraqosa şəhəri yaxınlığındakı kənddə mehrablara zər vuran yoxsul kişinin oğlu balaca Fransisko bir dəfə yaşadığı evin divarına donuz şəkli çəkir. Yoldan keçən bir nəfər bu uşaq rəsmində həqiqi istedad sezir və Fransiskoya oxumağı tövsiyə edir. Qoyya haqqında bu əfsanə İntibah dövrünün başqa fırça ustaları, xüsusən, bioqrafiyaları şübhə doğuran sənətkarlar barədə danışılanlara çox bənzəyir.
Həqiqətən, 14 yaşlı Fransiskonun hansı yolla saraqosalı rəssam Lusano Martinesin şagirdi olmasını yalnız təxmin etmək olar. Bircə bu məlumdur ki, Qoyya onun emalatxanasında altı il çalışıb. Amma adı daim dava-dalaşda hallanan bu gəncin qeyri-adi dəliqanlılığı haqqında dolaşan əhvalatların sayı-hesabı olmayıb. Məsələn, üç nəfərin ölümü ilə nəticələnən belə davalardan birindən sonra Qoyya Madridə qaçıb. Burada o, Martinesin daha bir şagirdinin - həmin dövrdə müəyyən mövqe tutmuş Fransisko Bayenin emalatxanasında işləməyə başlayır.
O da məlumdur ki, rəssam iki dəfə San-Fernando Kral İncəsənət Akademiyasının müsabiqəsində iştirak edir. Hər iki müsabiqə onun üçün uğursuz nəticələnir. Bacarıq və səriştəsi çatmayır. Buna görə də Romaya getmək qərarına gəlir. Yol pulu olmadığı üçün İspaniyada səyyar toreadorlar qrupuna qoşulur. Bu təhlükəli işlə pul qazanır və 1760-cı illərin əvvəllərində Romaya gəlir. Əlbəttə, İtaliya həyatı rəssama çox şey verir. Burada Parma Akademiyasının müsabiqəsində iştirak edir və çəkdiyi tabloya görə ikinci mükafata layiq görülür. Təəssüf ki, həmin əsər bizim günlərə gəlib çatmayıb.
Həqiqi uğuru Madridə qayıdandan sonra qazanır. Amma əvvəlcə üç ilə yaxın Saraqosadakı kilsə və sarayları divar rəsmləri ilə bəzəyir. Bayenin bacısı ilə evlənir. Baye dostuna kralın şpaler manufakturası üçün sifariş əldə edir. Şpaler əllə toxunan, xovsuz xalça-şəkildir. Bu xalçalar üçün eskizlər ən yaxşı rəssamlar tərəfindən xüsusi karton üzərində çəkilirmiş. Qoyya 15 il yağlı boya ilə karton üzərində təqribən 40 şəkil çəkir. Bu şəkillərdə əsilzadə və sadə ispanların həyatından bayram və məişət səhnələrini təsvir edir.
Rəssam manufakturada işləməklə bərabər, çoxlu sayda portret çəkir. Həmin portretlər arasında həm sifarişlə çəkilmiş, həm də təsvir etdiyi insana rəssamın səmimi marağını əks etdirən əsərlər var. Artıq 1780-ci illərdə Qoyya öz istedadı ilə müvəffəqiyyət qazanan ciddi fırça ustasıdır.
1785-ci ildə rəssam San-Fernando Akademiyasının vitse-direktoru, 1786-cı ildə şpaler manufakturasının bədii rəhbəri təyin olunur. 1789-cu ildə saray rəssamı olur. Lakin taleyin zərbəsindən heç kəs sığortalanmadığı kimi, acı tale Qoyyadan da yan ötmür. Ağır xəstəlik nəticəsində nəinki iki il yaradıcılıqdan uzaq düşür, həm də eşitmə qabiliyyətini tamamilə itirir. Səslər aləmindən təcrid olunan 48 yaşlı rəssam daha güclü duymağa, dərindən anlamağa, daha səylə işləməyə başlayır.
1790-cı illərin ortaları onun yaradıcılığında dönüş mərhələsi olur. Şəxsi həyatında faciə yaşayan rəssam daha başqalarının faciəsinə biganə qala bilmir. “İnkvizisiya məhkəməsi”, “Dəlixana”, “Flagellantların nümayişi” (orta əsrlərdə günahlarını bağışlatmaq üçün özünə qamçı ilə əzab verməyi ruhun xilas olması vasitəsi sayan fanatik dini sektanın nümayəndələri) adlı kiçik kompozisiyalar rəssamın mənəvi iztirablarını, onda başqalarının dərdinə şərik olmaq hisslərinin gücləndiyini göstərir.
834 ofortdan (qravüranın növü) ibarət məşhur “Kapriços” ( ispan sözü olub, “fantaziya, təxəyyülün oyunu” deməkdir) silsiləsi 1790-cı illərdə Qoyyanın yaradıcılıq bioqrafiyasının ən əhəmiyyətli səhifəsidir. Bu qravüralar arasında süjet əlaqəsi olmasa da, hər birində rəssamın həyata fəlsəfi baxışı, əhatə olunduğu gerçəkliyə satirik münasibəti var. Bu silsilədən ən məşhur ofortlardan biri “Ağıl yatanda...” adlanır.
Qoyya 1808-1814-cü illərdə İspaniyanın Napoleon qoşunları tərəfindən işğal edilməsinə “1808 il mayın 2-də Puerto del Sol meydanında üsyan” və ”1808-ci il mayın 3-nə keçən gecə üsyançıların güllələnməsi” əsərləri ilə münasibət bildirir. İkinci əsər emosional təsirinə görə daha güclüdür. Daşqəlbli əsgərlər cərgəyə düzülüb. Onların qarşısında bir dəstə məğlub edilmiş, lakin mübarizə əzmini itirməmiş üsyançı dayanıb. Öldürülmuşlər və ölümün gözünə dik baxanlar arasında dayanan mərkəzi fiqur adsız qəhrəmandır.
Bütün qəlbi ilə vətəninin halına yanan rəssam o illərdə ailəsini itirir. Arvadı və uşaqları (oğlu Xavyerdən başqa) dünyadan köçür, dostları ölkənin hüdudlarından kənara sürgün edilir. Qoyya Mansanares çayı sahilində ev alır. Ətraf yerlərdə onun evini “Karın evi” adlandırırlar. Rəssam burada qapalı yaşayır, 22 rəsmdən ibarət “Disparates” (cəfəngiyyat, sərsəmlik) silsilə əsərlərini məhz burada yaradır. Qoyya evinin divarlarına dəhşətli yuxunu xatırladan rəsmlər çəkir. O, ətraf gerçəkliyi məhz bu şəkildə görür, amma əslində, içini göynədən hisslərini ifadə etməyə çalışır.
Ömrünün sonunda Fransaya köçür və dörd il Bordo şəhərində yaşayır. Burada dostları Leandro Maratinin (1825) və Pto de Molinanın (1826-1827) gözəl portretlərini yaradır. Qoyyanın dostu, fransız biblioqraf Antuan de Bril onun ölümündən sonra deyəcək: “Sən bütün zəmanələrdə bənzərsiz olacaqsan, çünki heç vaxt özün olmaqdan qorxmamısan”.
Bu maraqlıdır: Fransisko Qoyya çox davakar adam olub, haqsızlığı heç kəsə bağışlamayıb. Onun saysız-hesabsız duelləri barədə şayiələr kralın qulağına çatır. Kral saray rəssamını yanına çağıraraq duelə çıxmağı ona qəti qadağan edir. Kralın əmri Qoyyanı təəccübləndirir:
- Əlahəzrət, axı, təbəələriniz üçün duel qadağan edilməyib?
- Elədir ki var. Amma bu gündən etibarən sizin üçün qadağandır.
- Nə üçün? – deyə rəssam soruşur.
- Mənim təbəəm çox, Qoyyam isə yeganədir.
10.03.2015