Görkəmli şəxsiyyətlər

Azərbaycan dilində ilk qəzəlin müəllifi: İzzəddin Həsənoğlu

İzzəddin Həsənoğlu — XIII–XIV əsrlərdə yaşayıb-yaratmış, azərbaycan və farsca şeirlər yazmış sufi şairdir.


Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi “Təzkirətüş-şüəra” əsərindən aşkar edilib. İzzəddin Həsənoğlu XIII əsrin ikinci yarısında Xorasan vilayətinin Əsfərain şəhərində dünyaya gəlib və orada da yaşayıb. Sufi şeyxi Raziyəddin Əli Lələnin tələbəsi sufi şeyxi Cəmaləddin Əli Zakirin müridi olub. Bundan sonra Şeyx İzzəddin Əsfəraini adı ilə də tanınıb. Azərbaycanca olan şeirlərində “Həsənoğlu”, farsca olan şeirlərində isə “Puri-Həsən” təxəllüsünü işlədib. Divanı Azərbaycan və Rumda geniş yayılıb, şeirləri XIV əsrdə Xarəzm, Qıpçaq eli və Misirdə oxunub.


Həsənoğlunun azərbaycanca “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər”, “Necəsən gəl, ey yüzü ağım bənim” və “Əcəb bilsəm məni şeyda qılan kim” başlıqlı üç, farsca isə “Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim” başlıqlı bir qəzəli məlumdur. Misirdəki Məmlük xanədanlığı dövrünün şairi Seyf Sarayi Həsənoğlunun “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər” qəzəlinə, Anadoluda yaşayıb-yaratmış şairlər; Namusi və Ömər ibn Məzidi isə şairin başqa bir qəzəlinə nəzirə yazıb. Həsənoğlunun “Əcəb bilsəm məni şeyda qılan kim” başlıqlı azərbaycanca qəzəli Türk ədəbiyyatı tədqiqatçısı Səadətdin Nüzhət (Ərgün) tərəfindən Ömər ibn Məzid tərəfindən 1437-ci ildə tərtib edilmiş “Məcmuatun-nəzair” məcmuəsindən aşkar edilib və 1928-ci ildə “Milli Məcmuə” adlı toplunun doqquzuncu cildində özü yazdığı məqalə ilə yayımlanıb.