Mərdlik, dostluq, igidlik, məğrurluq haqqında bayatılar
El batır qəm dəryada,
Kimə gedim mən dada?
İgid göyüşdə ölsə,
Adı qalar dünyada.
***
İgid gərək atlana,
Atın minə, atlana,
Mərd odur ki, döyüşdə
Hər yaraya qatlana.
***
Əzizinəm kasa dolmaz,
Fitnəsiz fasad olmaz.
Namərdə boyun əymə,
Mərd əli kasad olmaz.
***
Bu sazı alan gəlməz,
Oxuyub-çalan gəlməz,
İgidi öldürsələr,
Dilinə yalan gəlməz.
Əziziyəm aslandı,
Qılınc qından aslandı,
Tülküdən aslan olmaz,
Aslan elə aslandı.
***
Mərd anadan mərd oğul,
Yada ağa, mərdə qul,
Qorxaq töhmət gətirər,
Baş ucaldar mərd oğul.
***
Halalar, ay halalar,
Qartal dağda balalar,
Qorxaq ölər, məhv olar,
İgid alar qalalar.
***
Sular gələr, göl dolar,
Şaxta vurar, gül solar,
Mərd igidin balası,
Özü kimi mərd olar.
***
Əzizim dalda gəzər,
Bülbüllər dalda gəzər,
Mərdlər qabağı gözlər,
Namərdlər dalda gəzər.
***
İgidin bir atıdır,
Bir də təmiz zatıdır,
Koroğluda qoçaqlıq,
Onun ehtiyatıdır.