Mir Cəlal. Susuzluq
Payız yeni girmişdi. Ancaq yayın yandırıcı istisi, boğucu bürküsü davam edirdi. Biz şəhərdən çıxmış, yaxın kəndlərin birinə doğru yol almışdıq. Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi. Uzaq dağların döşündə saralan küləşli zəmilərdən, boz və sıldırım yarğanlardan başqa heç nə görünmürdü.
Ətrafda göyərti adında heç şey qalmamışdı. İsti bitkiləri qurumuşdu. Sanki ətraf bu saat alışıb-yanacaqdı. Quraqlıq ucundan bu çöllərdə həyat əlaməti görünmürdü. Arabir daş və ya kol dibindən qalxan quşlar havada dayana bilməyib, dərhal yerə enirdilər. Onların uçuşu oda düşmüş, yanmaq qorxusundan çırpınan, çapalayan bir məxluqu xatırladırdı. Yalnız cırcıramaların səsi eşidilirdi ki, bu səs də adama nədənsə "yandım-yandım!" fəryadı kimi gəlirdi. Qaynayan hava təndirdən qalxan alov kimi titrək dalğalarla göyə çəkilirdi. Sanki bu saat yerdə hava qurtaracaqdı.
Burada, bu mənzərə qarşısında adamı yaxalayan susuzluq adi susuzluğa bənzəmir, burada ümumi bir atəş vücudu bəla kimi bürüyür, adamın dili deyil, baxışları, hərəkətləri də su istəyir.
Biz nabələd olduğumuzdan su gətirməmişdik, yoldaşım ustam Şahnəzər idi. O, gözəl bir rəssam idi. Xan evlərinin incə və zərif naxışları, məscidlərin mehrabında şirlə yazılan yazılar, bəy eyvanlarını bəzəyən şəkillər hamısı onun əsərləri idi.
Mən Şahnəzərin sənətini sevmiş, onun yolunu tutmağı, böyüyəndə rəssam olmağı məqsəd seçmişdim. O mənə bir şagird kimi yox, oğul kimi baxırdı. Sənətinin bütün sirlərini, sadə görünən rənglərdən insanı düşündürən gözəl mənzərələri yaratmağı mənə öyrədirdi. Hərdən bir ah çəkib, dizinə çırpırdı ki: "Nə edim, savadsızam, elmsizəm! Kitabdan başım çıxmadı, o qara sətirlər mənimlə danışaydı! Allahın qabağına çıxıb yeni və daha gözəl aləm yaratmasaydım, adımı dəyişərdim".
Doğrudan da ustamın belə bir qüdrət sahibi olduğuna ürəkdən inanmışdım. O, sənətindən söhbət edəndə rəngi qızarır, gözləri gülür, səsi ucalırdı. Elə eşqlə danışırdı ki, qulağımın dibində top da atılsaydı eşitməzdim. Hərdən üzünü aydın səhərin açıq üfüqlərinə tutub mənə deyərdi:
- Kitab oxuya bilməsək də bunu ki, oxuya bilərik! Bütün kitabları buradan götürüblər. Səhərin rəngi məni çox düşündürür. Bu rəngi çəkə bilsəydik! Həmişə belə səhərlər olmur. Bunlar bənövşə kimi tez açılır, tez də solur. Bunu solmaqdan qorumaq üçün bir ipəkdə çəkmək, yaratmaq lazımdır.
- Usta, səhərə pul verən kimdir?! Xozeyinlər həzrət Abbası çəkdirirlər, Rüstəmi istəyirlər.
- Eybi yoxdur, bala, qoy verməsinlər. Səhəri də özümüz üçün çəkərik.
Ustam bu arzusunu hələ yerinə yetirə bilməmişdi. Həmişə çalışır, evləri gəzib sifariş alır, işləyirdi. Dava düşən il bizə sifariş verən olmadı. Xozeyinlərin hansını dindirəndə deyirdilər:
- Rəhmətlik uşağı, göydən top gülləsi yağır, siz də şəkil çəkmək hayındasınız?
"Sənətkarın əli işindən üzüləndə ağzı da çörəkdən üzülər. Bu sözü eşitmişdim, anlamamışdım. İndi isə gözümlə gördüm ki, ustam nə çəkir. İki abbasıya aldığı bir girvənkə çörəyi qabağımıza qoyub yeyəndə, mən xəcalət çəkirdim. Ürəyimdə deyirdim ki: "Kişi özünə papiros pulu tapmır. Bu pis və bahalıq ildə mən nə üçün buna boğaz ortağı olum? Bəlkə şagird saxlamaq istəmir, bəlkə mənim rüsxətimi vermək istəyir, üzündən gəlmir..."
Bunları düşündükcə boğazımdan çörək getmirdi. Bir gün ustamdan xahiş etdim:
- Usta, iki il sizə zəhmət verdiyim bəsdir. Güzəran da pis olub.
İzin verin evimizə gedim. Az-çox öyrənmişəm. Sağ olun, mənim boynumda haqqınız çoxdur.
Ağzımdan bu sözlər çıxar-çıxmaz ustam uşaq kimi ağlamağa başladı. Mən böyüklərin ancaq məsciddə, bir də ölü üstündə ağladıqlarmı bilirdim. Şahnəzər ustanın gözlərindən axan yaş məni də kövrəltdi. Özümü saxlaya bilmədim, dediyimə peşman oldum.
Ustam nə üçün ağlayırdı? Bunu özü dedi:
- Oğul, düşünmə ki, mən pis gün çəkdiyim üçün, ya sənə haqq vermədiyim üçün ağlayıram, yox! Mən onun üçün ağlayıram ki, sənə korluq, yoxsulluq peşəsi öyrətdim. Atan səni mənə tapşıranda güman etmişdi ki, səni mahir bir usta yetirərəm. Axırda böyük bir sifarişi sənin özünə tapşıraram, işlərsən, sonra atam, bütün dost-aşnanı yığıb, sənin əsərinin tamaşasına gətirərəm. Sən öz əsərin, mən də öz əməyimə sevinərik. Atan da övladını bu yerdə görüb şad olar... – Ustam danışığını dəyişdi, səsini ucaltdı. - Yox, səni buraxa bilmərəm. Sən mənim bu günümdə getsən ömrüm boyu şəklə də, şəkil çəkənə də nifrət etməyə haqlı olacaqsan. Getmə! Sən gəl, mənə vəfalı çıxmasan da dalısınca düşdüyün sənətə etibar bağla. Bu sənət öləcəksə, qoy bizi də öldürsün.
Ustamın sözlərinə heç bir cavab vermədim. Başımı aşağı salıb da yandım. Etirazına qulaq asıb getmədiyimi görəndə ustam sevindi. Ayağa qalxıb, heybəsini götürdü.
- Gedək, kəndlərə gedək! - dedi.
Həmin gün biz kəndlərə çıxdıq.
İsti və susuzluq bizi taqətdən salmışdı. Buna baxmayaraq getdikcə yeyinləyirdik. Kəndə çatmasaq da, quraq və şoran çölləri keçib, özümüzü bir dərəyə, bulağa, heç olmazsa bir kölgəyə salmağa can atırdıq. Amma nə edəsən ki, isti daha da bərkiyir. Günəş lap günorta yerində dayanıb, od tökmək istəyirdi. Şahnəzər ustamın dil-dodağı qurumuşdu. Danışmırdı. Bütün qüvvəsini dizlərinə yığıb yerimək, qarşıdakı təpəni aşmaq istəyirdi. Mənə təsəlli vermək üçün işarə ilə "Az qalıb" deyirdi.
Təpəni aşandan sonra yamacda bir çoban gördük. O, sürüsünü qoruqdan, əkindən uzaq olan dağ döşünə buraxmış, özü isə bir daşın üstündə oturub, bayatı deyirdi. Onun təbii və yanıqlı səsi dağlara düşüb, təkrar qayıdırdı. Qayaların cingiltili səsindən qoyunlar vahimələnmiş kimi dayanıb geriyə, yollara baxırdılar. Mən dağın ətrafına fıkir verdim. Buralarda bir dərə və ya bulaq olmamış deyildi. Yoxsa burada sürü otarılmazdı. Təpənin şoran torpağına, bozaran yovşan kollarına diqqət edəndə çobanın qoyunu şora gətirdiyini anladım. Belə yerdə sürünü çox saxlamazlar. Bir az yedimi, qaytarıb həqiqi otlağa apararlar...
Çoban özü üçün ehtiyat götürməmiş olmazdı. Ustamdan icazə almaq, çobandan su istəməyə getmək istədim.
Ustam razı olmadı:
- Onda su haradandır?- dedi. Artıq Obalı kəndinin damları görünürdü. Həyətlərin bəzisində bitən tut, əncir ağaclarını görəndə sanki ürəyimə su səpildi. O, ağacların altındakı kölgəlikdə palaz salıb oturmaq, saxsı qabdan su töküb, doyunca içmək arzusu ilə ürəyim döyündü. Bu gündəlik adi və hər kəsə müyəssər olan nemətlər mənə bir xəyal kimi gəlirdi. Ustamın çoxdan söylədiyi bir söz indi mənə kar edirdi:
"İnsan, əlində olan nemətin qədrini, ancaq əlindən çıxanda bilər".
Bu saat mən hər bir şeyi unutmuşdum. Ancaq su, sərinlik, kölgəlik arzulayırdım. Ona görə də təpədən aşağıya enişlə bərk yeriyirdim. Nəzərim kənddən ayrılanda yollara, qabağımdakı torpaqlara dikilirdi. Az qalırdım dayanam, dırnaqlarımla yeri deşib, yaş torpaq tapam, susuzluqdan yanan sinəmi ora sürtəm.
Ustam muştuluq xəbəri verdi: - Çatmışıq, budur evlərə az qalıbdır. - Bir az sükutdan sonra əlavə etdi:
- Əgər biçinçi, rəncbər olsaydıq, bizi əzizlərdilər. İş də tapardıq.
Ancaq bizim sənətimiz burada kimin nəyinə lazımdır?!
Ustam düz deyirdi. Bura nə sənət, nə sənətkar yeri idi. Ancaq hələ bu sonranın işidir. Bizə yanğıdan, susuzluqdan qurtarmaq lazım idi.
Evlərə çatdıqda sevincdənmi, ürəyimdəki yanğının təsirindənmi, ustamdan qabağa yeridim. İlk rast gəldiyim qapının rəzəsini taqqıldatdım. Başı, yaxasıaçıq bir kişi çıxdı. Dinmədim, ustamın üzünə baxdım. O, ev sahibinə dedi:
- Bir içim su verin, qəribik.
Ev sahibi qapını daha da geniş açıb:
- Buyurun içəri, buyurun, - dedi.
O bunu deyərək, əli ilə həyət tərəfi göstərdi. Biz baxanda qəribə bir aləm gördük. Gözəl və bağçalıq bir həyət idi. Ortada ağacın kölgəsi altında göz yaşı kimi dumduru su ilə dolu hovuzdan fəvvarə qalxırdı. Kənardan isə mis cam qoyulmuşdu. Mən qara və gödərək kəndlidən bu səliqəni görəndə heyran qaldım. Susuzluğum daha da artdı. Özümü pallıpaltarlı hovuzun içinə atmaq istədim. Ustamın ehtiramını saxlayıb, əvvəlcə onun su içməsini gözlədim. O, yüyürüb camı götürmək istəyəndə yerində donub qaldı. Heyran-heyran hovuza baxdı, sonra da məni çağırdı:
- Yaxın gəl!
Mən yaxın gedəndə bu mənzərənin rəssam lövhəsi olduğunu anladım. Buna nə ustam inana bilirdi, nə mən. Çargül və qalın parça üzərində çəkilmiş bu gözəl sənət əsəri bizi heyran etmişdi. Əlində bir kasa su gətirən və bizim heyrətimizə gülümsəyən ev sahibi üzr istədi:
- Bağışlayın, mən yoxlamaq istəyirəm.
- Nəyi yoxlayırsınız?
- Yoxlayıram görüm çəkdiyim şəkil bir şeyə oxşayır, ya yox? Ustanın heyrəti birə yüz artdı.
- Məgər bunu siz çəkmişsiniz? Ev sahibi utana-utana cavab verdi:
- Bəli, qonaq qabağına çıxarılası ləyaqəti olmasa da, bağışlayın. - Bu lap sizin öz əlinizdən çıxıb?
Ev sahibi şübhəmizi görəndə bizi qonaq otağına apardı, divarları bəzəyən rəngbərəng, cürbəcür şəkilləri göstərdi.
Ev sahibi çay hazırlamağa gedəndə Şahnəzər mənim əlimdən tutub, pəncərə qabağına çəkdi.
- Xırmana gedən, kotandan qayıdan, çırpı gətirən, saman daşıyan adamlara da diqqət elə! Qəribə nə görürsən? - dedi.
- Qəribə bir şey görmürəm!
- Hamısı çox sadə görünür. Ancaq sənət də elə bunlardadır. Bu adamlardadır. Gəl boynumuza alaq. Mən iyirmi ilin ustası, sən iki ilin şagirdisən. Heç birimiz bu qonaqcıl kişinin yaratdığını yaratmamışıq. Amma bizə sənətkar, ona kəndli deyirlər.
Mən ustamın dediklərini diqqətlə dinləyirdim. O, çöhrəsində parlayan heyrətini ifadə edərək danışırdı:
- Ən böyük sənətkar bunlar - həyat adamlarıdır. Əlini bunların ətəyindən üzənin vay halma!
Ustam yoldakı söhbətimizdə yanıldığını mənə başa salmaq istəyirdi.
14.01.2019