Xəbərlər

Ceyranbatan uşaq incəsənət məktəbində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 105 illiyi qeyd olunub

Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbi Azərbaycan klassik musiqisinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının səhnə həyatının 105 illiyi münasibətilə konsert proqramı hazırlayıb.

 

AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, məktəbin nəzəriyyə və xalq çalğı alətləri şöbəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə əsərin tarixçəsindən danışılıb. Bildirilib ki, operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından götürülüb. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasının qərarı ilə “Arşın mal alan” operettasının 100 illik yubileyi dünya səviyyəsində qeyd edilib.

 

Tədbir məktəbin kollektivinin təqdim etdiyi konsert proqramı ilə davam edib. Müəllimlər ansamblının, tar sinfinin şagirdlərinin, xor kollektivi, vokal və rəqs qruplarının “Arşın mal alan” operettasının musiqi nümunələrinin ifası alqışlarla qarşılanıb.

 

İştirakçılar, həmçinin “Arşın mal alan” operettası haqqında kitablar, dövri mətbu nəşrlər və fotolardan ibarət sərgi ilə də tanış olublar.