“Əsatir” sözü qədim yunan dilindən tərcümədə “əfsanə”, “dastan”, “rəvayət” mənasını verir. Əsatirlər ən qədim zamanlarda yaranıb. Onlarda insanların xeyir və şər, igidlik və qorxaqlıq, ədalət və xəyanət haqqında təsəvvürləri öz əksini tapıb. Əsatirləri ayrı-ayrı adamlar deyil, bütöv nəsillər, xalqlar yaradıb. Əsrlər boyu bu əsatirlərə düzəlişlər, əlavələr edilib, dildən-dilə keçib və nəticədə onlar müdrik fikirlərlə zəngin məzmun və əzəmətli gözəllik kəsb edib.
Bəzi nağılları da əsatir adlandırmaq olar, çünki onlarda əcdadlarımızın real dünyanı izah etmək cəhdləri öz əksini tapıb.
Əsatir qəhrəmanları ağlasığmaz igidlik göstərir, şərə və haqsızlığa qarşı mübarizə aparırlar. Məsləhət görürük ki, kitabxanadan Nikolay Kunun “Qədim Yunanıstanın mifləri və əfsanələri” kitabını götürəsiniz. Siz bu kitabdan xeyirxah, sadəqəlbli pəhləvan Heraklın 12 qəhrəmanlığını öyrənəcək və onu sevəcəksiniz. Siz Yasonun cəsur səyahətindən, onun güclü yoldaşlarının Kolxida (indiki Gürcüstan) sahillərinə səyahəti barədə də öyrənəcəksiniz. Nəhayət, siz qədim Yunanıstanın ən gözəl əsatiri – Prometey əsatirini oxuyacaqsınız.

Günlərin birində qədim yunanların baş tanrısı Zevs insanlara qəzəblənir və insan nəslini məhv etmək fikrinə düşür. Lakin titan Prometey insanlara kömək etmək qərarına gəlir. O, tanrılardan qığılcım oğurlayır və onu insanlara gətirir. Prometey insanlara ev tikməyi öyrədir və onların gəmilərinə yelkənlər verir. O, insanlara bitkilərdən dərman hazırlamağı, yerin təkindən metal çıxarmağı və ondan istifadə etməyi öyrədir. Tanrılar Prometeyə insanları güclü və müdrik etdiyi üçün qəzəblənir, onu cəzalandırır və əbədi olaraq qayaya zəncirləyirlər. Prometeyə dəhşətli işgəncələr verilir. Ondan insanlara məhəbbətindən əl çəkmək tələb edilir. Lakin o, təslim olmur və fikrindən dönmür. İnsanlar Prometey obrazında müdriklik, mətanət, fədakarlıq və xeyirxahlıq kimi ən yaxşı keyfiyyətləri təcəssüm etdiriblər.
İnsanlar həmişə tanrıları özlərinə oxşar yaradıblar və əslində əsatirlərdə özlərini güzgüdə olduğu tək əks etdiriblər. Lakin bu güzgü doğrudan da “sehrli” oldu. Üç min il keçsə də, onların yaratdıqları obrazlar bu gün də yaşayır. Hər birimiz əsatirlər kitabını vərəqləyərkən onları görə bilərik.
03.12.2015