Bu maraqlıdır!

Ammonitlər

Dinozavrlar kimi ammonitlərin də milyonlarla il əvvəl nəsli kəsilib. Bu dəniz canlıları fərqli dəniz mühitlərində yaşayıblar və izlərinə planetin müxtəlif yerlərində hələ də rast gəlmək mümkündür. Onların tarixi, erkən Paleozoy dövründən başlayır. 


Ammonitlər günümüzdə yaşayan başıayaqlılar ailəsinə aid olan Nautilusun uzaq qohumlarıdır.


İlk başıayaqlılar kompakt şəkilli konus formalı qabığa sahib idilər. Zamanla bu heyvanların ölçüsünün artması onlara ciddi problem yaratdı. Düz və sərt qabıq hərəkətliliyi xeyli azaldıb, molyuskaları asan ova çevirdi.


Əksər ammonitlərin qabıqları bir müstəvi üzərində yerləşən, bir-biri ilə təmasda olan və müxtəlif dərəcədə bir-birini örtən bir neçə dolaqdan ibarətdir. Belə qabıqlar üçün monomorf qabıq termini işlətmək məqsədəuyğundur.

 

Monomorf ammonitlərin qabıqlarının müxtəlifliyi, dolaqların bir-birini örtmə dərəcəsi və kəsiyinin forması ilə müəyyən olunur.


İnvolyüt qabıqlardan (tam örtülmə) başlamış yarıminvolyüt (qismən örtülmə), evolyüt (son dolaq ancaq axırdan əvvəlki ilə təmasda olur) qabıqlaradək bütün keçid formalar müşahidə olunur. 


Yetkin ammonit qabıqlarının ölçüləri 2-3 sm-dən 30-40 sm-dək, müstəsna hallarda isə ammonit-nəhənglərin diametri 2 m çatır. Dolaqların təmas xəttləri tikiş adlanır. Qabığın orta hissəsində hər iki tərəfdə yerləşən oyuq-göbək adlanır. Qabıqların səthi hamar və relyefli (bəzəkli) olur. Formasından asılı olmayaraq ammonitlərin qabıqları, digər yarımsiniflərdə olduğu kimi, bir sıra kameralara bölünür. Yaşayış kamerası 0,5 - 2 dolağı əhatə edə bilər. Qısa kisə şəkilli və ya uzun soxulcan şəkilli yumşaq bədən əzələlər vasitəsilə yaşayış kamerasının arxa tərəfinə birləşir.

 

Fraqmokonun kameraları qazla (hava), bəziləri isə maye ilə (hidrostatik) dolurmuş. Sifon dar, adətən qarın və bəzən (gec devon Clymeniida nümayəndələrində) kürək tərəfə yaxın yerləşir. Qısa septal borucuqları arxaya (paleozoy ammonoideyalərində) və irəliyə (mezozoy nümayəndələrində) səmtlənmişdir. Ammonoidealar əsas əlamətlərindən biri arakəsmə xətlərinin quruluşudur. Arakəsmələrin büzməli kənarı ilə qabıq arasında mürəkkəb birləşmə xəttində bir-birinə nisbətən əks istiqamətə yönəlmiş yəhər və qanad (pər) adlanan əyrilər ayrılır. Zamanca bir-birini əvəz edən dörd tip belə xətt ayrılır: aqoniatit, qoniatit, seratit və ammonit. Ammonitlər dəstələrə bölünməsi qanad xəttinin quruluşuna, qabıqların ontogenez və filogenezdə dəyişilib mürəkkəbləşməsinə, həmçinin sifonun vəziyyətinə əsaslanır.


Təbaşir-Paleogen dövrundə asteroidin düşməsi Mezozoy ekosistemini məhv etdiyi kimi, fəlakətli dəyişikliklərə də səbəb oldu. Dəniz suyunun turşuluğundakı dəyişiklik planktonların və onunla birlikdə başıayaqlıların ölümünə səbəb oldu. Qısa müddətli bir geoloji hadisə ammonitlər üçün də kritik oldu və tamamilə tükənməsinə səbəb oldu.

 

Bu gün ammonitlərin qabıqları bir çox muzeyin və şəxsi kolleksiyaların bəzəyidir. Alimlərə planetimizin uzaq keçmişinə baxmağa, tarixini anlamağa kömək edirlər.