Təbiət

İqlim nədir?

“İqlim” sözü yunan dilindəki “klimatos” sözündən alinib. Hərfi tərcüməsi “meyil” deməkdir.  Bu termin ilk dəfə 2200 il əvvəl qədim yunan astronomu Hipparx tərəfindən elmə daxil edilmişdi. Alim Yer səthinin Günəş şüalarına meylini nəzərdə tutmuşdu. Ekvatordan qütbə doğru meyillilik  fərqi  artıq o zaman aşağı və yuxarı en dairələrində havanın bənzərsizliyinin səbəbi hesab olunurdu. Sonralar Yerin müəyyən bir rayonu üçün tipik olan, uzun illər boyu davam edən hava rejimini iqlim adlandırmağa başlamışlar.


İqlimin makroiqlim və mikroiqlim kimi növləri var. Makroiqlim- bütövlükdə planetlərin və geniş ərazilərin, iqlim qurşaqlarının, eləcə də  okean və dənizlərin iqlimidir. Mikroiqlim isə  kiçik ərazinin iqlimi sayılır. O yalnız makroiqlimi şərtləndirən parametrlərdən yox, eləcə də relyefdən, meşə örtüklərindən, torpağın rütubətlilik dərəcəsindən asılıdır. Mikroiqlimin   nəzərə alınması kənd təsərrüfatı, şəhərlərin salınması, yolların çəkilməsi, insanın  istənilən təsərrüfat fəaliyyəti və  sağlamlığı  üçün böyük əhəmiyyət kəsb edir.


Alimlərin bir çoxunun fikrincə, insanın   əmək fəaliyyəti planetimizdə iqlim dəyişkənliyinin əsas səbəblərindən biridir. Məsələn, atmosferdə karbon qazı tullantılarının artması parnik effekti yaradır və yer səthində havanın temperaturu yüksəlir. Bunun nəticəsi olaraq qlobal istiləşmə baş verir.


Maraqlı bir məlumatı diqqətinizə çatdırmaq istərdik.  Belə ki, Amerika alimləri balinaların belinə miniatür radioötürücülər və  digər qurğular, məsələn, suyun temperaturunu, duzluluğunu, oksigenin miqdarını müəyyənləşdirən cihazlar bağlamağı təklif etmişlər. İnformasiya  peyklər tərəfindən  toplanaraq elmi mərkəzlərə ötürəcək.  Meteoroloji məlumatların  belə qeyri-adi üsulla toplanması isə hava proqnozlarının daha dəqiqliklə tərtib olunmasına kömək edəcək.