Genaddiy Çıferov. Balina balası

Balina balası dənizdə yaşayırdı. O, tamamilə heyrətləndirici bir hərəkət etmək arzusunda idi. Hər kəsin onun haqqında "Ah, nə gözəl, nə qədər ecazkar bir balina dənizimizdə yaşayır!" deməsini arzulayırdı.

 

Məşhur olmaq üçün onun etmədiyi qalmırdı,  hətta sirkdəki akrobatlar kimi hərəkətlər edirdi:  quyruğu üstündə dayanıb dalğalar boyunca gəzirdi. Ancaq nə yaşlı dəniz aslanları, nə də delfinlər təəccüblənmirdilər. Sadəcə başlarını bulayıb deyirdilər:

 

- Balina balası hələ çox kiçikdir. Böyüyəcək və belə davranmayacaq!

 

Balina balası isə belə söhbətlərə cavab olaraq daha da qəzəblənirdi. Sonra bir gün tamamilə heyrətləndirici bir şey etməyə qərar verdi. Qarnını şişirdi və birdən göyə uçdu.

 

Əlbətdə əvvəlcə qorxdu, amma düşündükdən sonra öz-özünə dedi: "Əla, indi hamı mütləq təəccüblənəcək."

 

Balina balası şəhərin üstündən uçanda, bir evin eyvanına balaca bir oğlan çıxdı. O, göydəki balonu gördü, öz yanaqlarını şişirdib qışqırdı:

 

- Heyrətləndirici... bu bir möcüzədir!

 

Yəqin ki, oğlan bütün günü belə qışqırardı, amma sonra babası eyvanda göründü. Balinaya baxıb sakitcə dedi:

 

“Bu heç də təəccüblü deyil, oğlum. Bu bir dirijabldır. Yetmiş il əvvəl, əlbətdə ki hər kəsi təəccübləndirərdi,  ancaq indi təyyarələr, raketlər var. İndi gördüyün - sadəcə dəbdən düşmüş bir möcüzədir.

 

... Dəbdən düşmüş möcüzə?! Dəbdən düşmüş möcüzə?! Bundan sonra balina balasına yalnız bir şey etmək qaldı: bir daha uçmamaq. Və ... balina balası tarlaya düşdü. Beləliklə otların arasında uzanıb ah çəkdi. O, kədərlənib ağlamağa başladı. Kiçik qurbağalar onu sakitləşdirmək və ruhlandırmaq istəyərək onun ətrafında döndülər. Ancaq bala balina daha yüksək səslə ağladı. 

 

Ağlamaq səsini eşidən dovşan ona yaxınlaşıb soruşdu:

 

- Nə olub sənə? Bəlkə xəstələnmisən?

 

- Nə xəstələnməyi? - balina balası əsəbi cavab verdi. - Kədərliyəm! Hamını təəccübləndirmək istədim. Amma nə oldu? - göstərdiyim hərəkət - köhnəlmiş bir möcüzədir. Mənə Dirijabl dedilər!

 

- Yaxşı, əsəbləşmə. Mən sənə kömək edəcəm, - dovşan söz verdi. “Dirijabl olduğun üçün bir səbətə ehtiyacın var. Ancaq bu gün insanları içində gəzdirmək üçün deyil, fərqli bir məqsəd üçün lazımdır."

 

Beləliklə, axşam saatlarında dirijabl sakit şəhərin üzərində yenidən göründü. Meydanlar və küçələr üzərində uçdu və bulud kimi uşağın yaşadığı evin üstündə dayandı. Sonra ehtiyatla eyvana içi dolu yabanı giləmeyvə səbətini endirdi.

 

Ancaq oğlan artıq yuxuda idi.

 

Bütün bunları - həm dirijabl, həm də səbəti - baba gördü və çox təəccüblənərək dedi:

 

- Əlbəttə, dirijabl - köhnə dəbdir, amma bu dirijabl - o qədər mehribandır ki!  Bax bu əsl möcüzədir!

 

Babanın sözlərini eşidən balina balası ilk dəfə gülümsədi və anladı ki: Əsl möcüzə -  mehriban bir ürəyə sahib olmaqdır.