Şeirlər

Mirzə Ələkbər Sabir. “Uşaq və buz”

Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;

Sürüşdü birdən-birə,
Düşdü üz üstə yerə.

Durdu uşaq neylədi?
Buza belə söylədi:

“Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz!

Az qalıb ömrün sənin,
Yaz gələr, artar qəmin:

Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”