Şeirlər

Abbas Səhhət. Qaranquş balaları

A quşcuğazlar, nə yaraşıqlısız, 
Can kimi bəslənməyə layiqsiniz. 
Nədir o istəkli, o heyran baxış, 
Nə dadlı cik-cik, nə gözəl çırpınış.

 

Birdən ucaldı niyə cik-cikləriz, 
Pəh-pəh, açılmış sarı dimdikləriz. 
A bəxtəvərlər, ananız gəldimi? 
Qondu yuva üstünə, dincəldimi?

 

Görcək onu səslənməyə başladız, 
Civiltilərlə əcəb alqışladız. 
Yem gətirib yoxsa sizə verməyə, 
Ya ki gəlib bir quru dindirməyə?