Bu maraqlıdır!

Çipollino - soğancıq oğlan

Yəqin ki italyan yazıçısı Canni Rodarinin “Çipollinonın macəraları” nağıl-povestini oxumusunuz, ya da heç olmasa cizgi filminə baxmısınız. Bu maraqlı nağılın müəllifi məşhur italyan uşaq yazıçısı və jurnalist Canni Rodaridir.
 
Canni Rodari 1920-ci il oktyabrın 23-si İtaliyada anadan olub. 1948-ci ildə jurnalist kimi çalışarkən uşaqlar üçün də əsərlər yazmağa başlayır. 1951-ci ildə “Şən şeirlər kitabçası” adlı ilk şeirlərni və məşhur “Çipollinonun macəraları” kitabını çap etdirir. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilir. Bu filmdə Canni Rodari özü də rol alır. 1970-ci ildə yazıçı nüfuzlu Hans Xristian Andersen  mükafatına layiq görülür.
 
Çipollino italyan dilindən tərcümədə soğancıq mənasını verir. Cəsarətli, qorxmaz, qıvraq və ağıllı soğancıq oğlan eyni zamanda şən xasiyyətlidir. Meyvə və tərəvəzlərin nağıllar aləmində Çipollino qəddar şahzadə Limonun, zalım senyor Pomidorun və lovğa Albalı qrafinyalarının hakimiyyətindən xilas olmaqda ölkə sakinlərinə yardım edir.
 
Çipollino təsadüfən şahzadə Limonun ayağını basır, atası Çipollone isə günahı öz üzərinə götürərək, həbs olunur. Çipollino atasını zindandan qurtaracağına and içir. Buna görə evdən qaçaraq şahzadə Limon və qrafinya Albalının idarə etdiyi ölkəni gəzir. Qrafinyanın idarəçisi sinyor Pomidorla mübahisəyə girişir, yeni dostlar qazanır, onların köməyi ilə sonda təkəbbürlü sinyor Pomidor, şahzadə və qrafinyalar üzərində qələbə qazanır.
 
Bu gözəl əsərin bütün qəhrəmanları meyvə və tərəvəzlərdir: quda Kudu, çəkməçi Üzümcük, vəkil Noxud, qızcığaz Turp və oğlan Albalıcıq, musiqi professoru Armud, sinyor Cəfəri və qoca Çipolla (Soğan)...
 
Çipollino sadiq dostları çevik qızcığaz Turpu və xeyirxah, ağıllı oğlan olan Albalıcığı tapır və onların köməyi ilə atasını və digər dustaqları zindandan qurtarır, limonlar ordusunu məğlub edir, şahzadə Limonu ölkədən qovur və qrafinya Albalının qəsrini uşaqların sarayına çevirir.
 
Bu nağıla bütünlüklə bizim portalın “Cizgi filmləri” bölməsində baxa bilərsiniz!