Nağıllar, hekayələr

Romul və Rem

Qədim Roma dövləti 1000 ildən artıq mövcud olmuşdur. Maraqlıdır ki, onun birinci hakiminin də, sonuncu imperatorunun da adı Romul olmuşdur. 


Qədim tarixçilərin yazdığına görə, Roma şəhəri iki qardaş – Romul və Rem tərəfindən salınmışdır. Bu qardaşlar haqqında rəvayətdə də Romanın necə yaranma sından bəhs olunur. 


Deyilənə görə, Tibr çayı sahilindəki Latsium düzənliyində bir şəhər var imiş. Bu şəhərin sakinləri latınlar, dilləri isə latın dili adlanırmış. Şəhərin ədalətli və müdrik bir hökmdarı var imiş. Lakin kiçik qardaşı onu devirib hökmranlığı ələ keçirir. Yeni hökmdar qardaşını zindana salır, onun oğlunu isə qətlə yetirir. Keçmiş hökmdarın yalnız bir qızı qalır. Çox keçmir ki, qızın əkiz oğlu olur. Hökmdar öz qullarından birinə əmr edir ki, körpələri zənbilə qoyub Tibr çayına atsın. Qul belə də edir. Zənbil çayla xeyli axdıqdan sonra sahildə ağaca ilişir. Körpələrin səsinə bir canavar gəlir. O, körpələri zənbildən çıxarıb əmizdirir. Körpələr bir müddət canavarın yanında qalırlar. Bu yerlərdə bir çoban öz arvadı ilə yaşayırmış. Onların uşaqları yox imiş. Bir gün çoban sürüyə hücum etmiş canavarı yaralayır və özünü yuvasına yetirmək istəyən qurdun dalınca düşür. Çoban qurdun yuvasına çatanda burada nə görsə yaxşıdır?! 


İki balaca oğlan uşağı. Çobanla arvadı bu təsadüfə çox sevinirlər və uşaqları öz balaları kimi böyütməyə başlayırlar. Onlardan birinə Romul, o birinə Rem adı qoyurlar. Romul və Rem böyüyüb əsl cəngavər olurlar. 


Günlərin bir günü hökmdarın zülmündən baş götürüb qaçan bir qoca onların daxmasında gecələməli olur. O, çobana və qardaşlara hökmdarın zülmündən danışır və bu cavanların əvvəlki ədalətli hökmdara oxşadıqlarını deyir. Qoca ilə söhbətdən sonra qardaşlara məlum olur ki, onlar həmin hökmdarın nəvələridir. 


Qardaşlar birlikdə doğma şəhərlərinə yollanırlar və hökmdarı taxtdan devirib öz babalarını yenidən hökmdar edirlər. Lakin Romul və Rem bu şəhərdə qalmaq istəmirlər. Onlar yaxınlıqdakı yeddi təpənin üzərində öz şəhərlərini salırlar. Qardaşlardan hər biri yeni yaranmış şəhərə öz adını qoymaq istəyir, odur ki onların arasında mübahisə düşür. Әlbəyaxa savaşda Romul Remi öldürür və şəhəri öz adı ilə Roma adlandırır. 


Bu şəhərin dəqiq yaradılma tarixi də məlumdur – e.ə. 753-cü il, 21 aprel. Uzun müddət ərzində Romada tarix bu şəhərin yaradılma günündən hesablanıb. Yeni yaranmış Romada adam çox az idi. Ona görə də Romul hamını öz himayəsi altına alır. Öz ağasından qaçmış qullar, ata-anasından inciyən cavanlar, yaşadığı şəhərin hökmdarından narazı olan şəxslər və hətta yoldan ötən avaralar bu azad şəhərə pənah gətirirlər. 


Romul şəhər sakinlərini iki təbəqəyə bölür – patrisilərə və plebeylərə. Latınca “patrio” – ata, “plebs” – kütlə, rəiyyət deməkdir. Öz ata-anasını tanıyanlara və əcdadları məlum olanlara patrisi, digərlərinə isə plebey deyirdilər. Әn hörmətli patrisilər ağsaqqallar şurasına – senata seçilirdilər. Senatın vəzifəsi öz məsləhətləri ilə hökmdara kömək etmək idi. Romul qoşun yaradıb onu dəstələrə – legionlara bölür. Beləliklə, o, güclü bir şəhər-dövlətin əsasını qoyur. 


Sonralar "əbədi şəhər" adlandırılan Roma belə yaranır.