Bu maraqlıdır!

Əsrarəngiz güzgülər aləminə səyahət. 2 hissə.

Faros mayakı 
 
 
Qədim insanlar güzgünün təkcə sehrli gücə malik olduğunu düşünmürdülər, onu praktikada tətbiq etmək yollarını axtarırdılar. Qədim dünyanın yeddi möcüzəsindən biri -  Faros mayakı bunun bariz nümunəsidir.    
 
Bu mayak eramızdan əvvəl 280-ci ildə Faros adasında ucaldılıb. Faros Misirin o vaxtkı paytaxtı İsgəndəriyyə şəhərinin yaxınlığında yerləşirdi. Bu şəhərin əsasını qədim dünyanın ən böyük fatehi Makedoniyalı İsgəndər qoymuşdu. 120 metr hündürlüyündə (təqribən 45 mərtəbəli göydələn) mayakın ölçülərinin nəhəngliyi müasirlərini heyrətləndirirdi. Mayakın başında tonqal alovlanırdı. Tunc güzgülərdən ibarət bütöv bir sistem onun işiğını daha da artırırdı. Güzgülər tonqalın alovunu dəniz tərəfə əks etdirir, gecə vaxtı gəmilərin limana rahat daxil olması üçün təhlükəsiz yolu işıqlandırırdı.
 
Mayak həm də yuxarıda keşik çəkən İsgəndəriyyə qarnizonu keşikçilərinin müşahidə məntəqəsi idi. Güzgülər düşmən gəmilərini böyük məsafədən aşkar etməyə və qarnizonun döyüşçülərini təhlükə barədə vaxtında xəbərdar etməyə imkan verirdi. 
 
Faros mayakı möhkəmliyi sayəsində 1500 ildən çox duruş gətirdi. Hələ XIV əsrdə yerli sakinlər zamanın təsirindən güclü dağıntıya məruz qalmış bu tikilini görə bilirdilər.  Sonra onun təməli üzərində orta əsrlər qalası tikildi. Qədim dövrün ən böyük mayakının varlığına belə son qoyuldu. 
 
Bu maraqlıdır. Biz faraların nə olduğunu bilirik. Onlar avtomobillərin, qatarların və təyyarələrin yolunu işıqlandırır. “Fara” sözünün mənşəyi çox qədimdir. Bu söz bizə Faros adasındakı mayakın güzgülü əksetdiricilərini xatırladır.
 
 
Arximed
 
 
Bu böyük alim və mexanik eramızdan əvvəl III əsrdə yaşayıb. Onun öz dövrünü xeyli qabaqlayan riyazi əsərləri yalnız min ildən bir qədər çox vaxt keçəndən sonra qiymətləndirilib. Arximed II Punik müharibə zamanı doğma şəhərinin müdafiəsinə çox kömək edib. 
 
Eramızdan əvvəl 213-cü ildə güclü Roma ordusu Siciliyaya hücum edir və Sirakuz şəhərini mühasirəyə alır. Romalılar tez bir zamanda qalib gələcəklərinə arxayın idilər. Amma şəhərin müdafiəsinə başçılıq edən Arximed onlara mane olur. Alimin  75 yaşının olmasına baxmayaraq, ixtira məsələlərində tayı-bərabəri yox idi. O, yeni-yeni ixtiraları ilə hamını heyrətləndirirdi. Qədim əfsanədə onun ixtiralarından biri barədə danışılır. 
 
...Arximed  bir qrup döyüşçüyə öz tunc qalxanlarını parıldayana qədər təmizləməyi tapşırır. Sonra onları qala divarına aparır, aypara şəklində düzür və hər bir əsgərə günəş şüalarını toplayan linza rolunu oynayan qalxanını yaxınlıqdakı düşmən gəmisinə yönəltməyi əmr edir. Beş dəqiqə keçməmiş gəminin yelkənləri tüstülənməyə başlayır. Arximed bu dəfə linzanı qonşu gəmiyə istiqamətləndirməyi əmr edir. Tezliklə Roma donanmasının xeyli hissəsi alışaraq yanmağa başlayır. 
 
Bu həqiqətdir, yoxsa uydurma? Alimlərin çoxu üzün müddət hesab edirdi ki, Arximedin “yandırıcı güzgüləri” barədə əfsanə başdan-başa  uydurmadır. Amma onlardan biri  - tanınmış fransız təbiətşünası J.Büffon bu əfsanəni təcrübədə sınaqdan keçirmək qərarına gəlir. 1747-ci ildə o, hər birinin ölçüsü 15x20 santimetr olan  40 düz güzgüdən nəhəng boşqaba bənzəyən güzgü yığır və onu 22 metr məsafədən fıstıq ağacından olan lövhəyə yönəldir. Lövhə tezliklə alışıb yanmağa başlayıb. Alim hər növbəti təcrübə zamanı yastı güzgülərin sayını artıraraq onları 154-ə çatdırır. Güzgülərin sayı çoxaldıqca, lövhələrin alışmağa başladığı məsafə də artır və 50 metrə çatır. 
 
Büffonun təcrübəsindən 200 ildən çox vaxt keçir. 1973-cü ildə yunan mühəndis İ.Sakas onun təcrübəsini davam etdirir. O, dənizin günəşə baxan sahilinə 20-30 əsgər çıxarır və onları aypara şəklində düzür. Əsgərlər əllərində 50x90 santimetr ölçüsündə yastı güzgülər tuturlar. Sakasın komandası ilə onlar güzgü-linzaları sahildən 50 metr məsafədə yerləşən qayığa yönəldirlər. Qayıq alışıb yanmağa başlayır. Bu yolla Arximedin ”yandırıcı güzgüləri” barədə qədim əfsanədə danışılanlar tam təsdiq olunur. 
 

Yarımçıq qalmış iş


İnsanlar əsrlərboyu metal güzgülərdən istifadə ediblər, amma metal havada qaralmağa başladığı üçün belə güzgüləri tez-tez cilalamaq lazım gəlirdi.  Şüşənin isə belə çatışmazlığı yox idi. Onu hələ eramızdan əvvəl IV minillikdə Misirdə və Finikiyada bişirməyi öyrənmişdilər. Amma bu cür şüşədən müxtəlif xırdavat hazırlansa da, tutqun olduğu üçün güzgü istehsalına yaramırdı.

Qədim ustalar şəffaf şüşə hazırlamağı birdən-birə öyrənməyiblər. Öyrənəndə isə görüblər ki, cilalanmış metal təbəqənin üstünü şüşə ilə örtəndə onun rəngi qaralmır, çünki şüşə onu havanın zərərli təsirindən qoruyur. Müasir dövrdə rəsm qalereyalarında da eynən bu cür hərəkət edərək, çox dəyərli tabloları şüşə altında saxlayırlar. 

“Astarı” qalaydan və qurğuşundan olan ilk şüşə güzgülər hələ eramızın I əsrində Romada meydana gəlib. Amma sonralar güzgü istehsalı üçün çətin dövrlər başlayıb, çünki Roma İmperiyası tənəzzülə uğramağa başlayıb. İmperiyanın ərazilərində tez-tez əsgər qiyamları, kəndli və kölə üsyanları alovlanır, taxt-taca sahib olmaq istəyən əyalət canişinləri arasında daxili müharibələr baş alıb gedirdi.

Zəifləmiş Roma dövləti tez-tez barbarların hücumuna məruz qalır. Onlar şəhərləri dağıdır, əhalini qarət edirdilər. Bir vaxtlar qüdrəti ilə dünyaya hökm edən Roma sonunda süquta uğrayır. Daha romalı sənətkarlar şüşəli güzgülər düzəltmək halında olmurlar...

Yalnız Roma İmperiyasının süqutundan 800 il sonra, daha dəqiq desək, XIII əsrdə şüşəli güzgülərin istehsalına yenidən başlanır.  O dövrdə ən yaxşı sənətkarlar İtaliyanın Venesiya şəhərinin şüşəbişirənləri sayılırdı.

Çox şəffaf şüşə düzəltməyi onlar birinci öyrənmişdilər. Venesiyalıların rəqibləri şüşəyə yaşılımtıl çalar verən dəmir qatışıqlarından heç cür yaxa qurtara bilmirdilər. Venesiyalılar hamar şüşə təbəqənin hazırlanmasında da irəliləmişdilər. Usta metal borunun bir ucunu əridilmiş şüşəyə salır, digər ucundan isə üfürürdü. Od kimi közərmiş qovuq əmələ gəlirdi.

Usta üfürür, qovuq göz qabağında böyüyürdü. Bir növ uşaqların sabun qovuqları ilə əylənməsini xatırladan bu iş son dərəcə ağır bir iş idi. Axı çəkisi on kiloqramdan çox olan qovuğu üfürmək, eyni zamanda qovuğun divarlarının eyni qalınlıqda olmasına nail olmaq lazım idi. Buna görə də usta közərmiş borunu daim ora-bura çevirir, qovuq titrəyir, aşağı, yuxarı, sağa və sola doğru hərəkət edirdi.  Nəhayət, qovuq divarının qalınlığı hər tərəfdə bərabər olan uzunsov torba şəklinə düşürdü. Sonra başqa əməliyyatlar aparılırdı.

Hələ soyumamış qovuğun “ətraflarını” böyük qayçı ilə kəsib götürürdülər: “torbadan” qalın və şəffaf boru əmələ gəlirdi. Onu uzununa kəsir, sobada qızdırır, çıxardıqdan sonra vərdənə ilə hamarlayırdılar. Əldə olunan hamar təbəqə həm pəncərə şüşəsi, həm də güzgü üçün yarayırdı.