Bu maraqlıdır!

Avropanın qəsrləri

Qəsrləri  kişilərin başlıca məşğuliyyətinin müharibə  olduğu zamanlarda feodalın  nəslini müdafiə etmək üçün inşa edirdilər. Xarabalıqları zəmanəmizə qədər gəlib çıxan  ən qədim qəsr – Due-la-Fonten 950-ci ildə Fransada, Noyşvanştayn adlı sonuncu  qəsr isə XIX əsrdə Almaniyada tikilib. Barıt və ağır toplar meydana çıxana qədər qəsrlərin divarları feodalı, onun ailəsini  və təhkimli kəndliləri  etibarlı şəkildə müdafiə edirdi. Qəsr yadellilərdən, təcavüzkar qonşulardan, xalq qiyamından da qoruyurdu. 
 
Düşməni uzaqdan görmək və qalanın hücumla alınmasını çətinləşdirmək üçün qəsri  sahil zonasının yüksək hissəsində, dağda, təpənin üstündə inşa edirdilər. Təpə olmayanda, onu yaradırdılar, ətrafında xüsusi xəndək qazırdılar. Uca təpəyə ancaq zəncirlərin köməyi ilə qaldırılan və endirilən körpü ilə gedib çıxırdılar. Qəsrləri əl altındakı materiallardan inşa edirdilər: məsələn, İspaniyada daşdan, Şərqi Avropada taxtadan, Danimarkada  taxta və kərpicdən.  İki divar hörür, eni 2-5  metr olan ara yeri çınqıl ilə doldururdular. Divarların yuxarısındakı dişlər  qəsrin müdafiəçilərini qoruyurdu, qalanın ensiz mazğallarından atəş açırdılar. Sanki divarların içindən çıxan  dəyirmi  qüllələrdə  döyüş sursatı, ərzaq anbarları, quyular yerləşirdi. Qala divarları qəsrin içini dövrəyə alırdı. Feodalın evi – donjon burada yerləşirdi. Başqa qüllələrdən uca olan donjon əsl istehkam idi. Donjonların dar pilləkənləri həmişə sağ tərəfə burulurdu. Razılaşın ki, belə vəziyyət düşmənin sağ əlində qılınc oynada-oynada pilləkənləri qalxmasını çox çətinləşdirirdi. 
 
Avropada zəmanəmizə minlərlə qəsr gəlib çatsa da, bunlar Orta əsrlərdə mövcud olan  qəsrlərin az bir qismidir.  Hətta Avstriyanın Burgenland əyaləti və  İspaniyanın Kastiliya vilayəti “Qəsrlər ölkəsi” kimi tərcümə olunur. Qəsrlər cürbəcür olur.  Ciddi görkəmli kiçik qəsrlərdə indiyə qədər insanlar yaşayırlar. Doğrudur,  bunun üçün qəsrin içi müasir şəraitə maksimum uyğunlaşdırılır. Bir cəngavərə deyil, bütöv bir ordenə məxsus olan və içərisində  minlərlə insanın yaşaya biləcəyi  qəsrlər də vardır.  Ən böyük belə qəsr Polşada tefton cəngavərlərinin kərpicdən inşa edilmiş iqamətgahı - Mariyenburq qəsridir.   
 
Hər bir qəsrin özünəməxsus tarixi vardır. Şotlandiyadakı Edinburq qəsri kiçik ölkənin   müstəqillik uğrunda ingilislərə qarşı mübarizəsinin rəmzidir. Şotlandiya tacı və  Skuna daşı burada saxlanılır. Tacqoyma mərasimində krallar bu daşın üstündə otururlarmış. Bu qəsr Şotlandiyanın açarı sayılırdı.  İngiltərənin açarı isə  Duvr qəsri idi.   Bu qəsr XII əsrdə fransızların həmləsinə sinə gərərək, ölkənin işğalının qarşısını almışdı. İkinci dünya müharibəsi illərində Böyük Britaniyanın komanda mərkəzi Duvrda yerləşirdi. 
 
Böyük Britaniyada yerləşən Alnvik qəsri  Harri Potter haqqında filmlərdəki Hoqvards qəsrinin prototipidir. Bu  qəsr barədə ilk məlumat  1096-cı ilə təsadüf edir.
 
İspaniyanın bir çox qəsrlərini Alkasar adlandırırlar. “Əl-qəsr “ ərəb sözü olub “qala” deməkdir. Toledodakı  Alkasar İspaniyanın ən böyük qala-qəsrlərindən biridır.  Təpənin başındakı qəsr kralların iqamətgahı  olub. Bu qəsr əfsanəyə çevrilmiş cəngavər Sid ilə də  bağlıdır. Əsl adı Rodriqo Dias de Bivar olan Sidin hünəri  poemalarda və  çoxlu sayda  xalq romanslarında tərənnüm edilib.  
 
Fransanın isə açarı  Anjer qəsri olub.  XI əsrə aid taxta qəsrin yerində ucaldılan Anjer əldən-ələ keçib, qüllələrinin başları dağıdılsa da, bizim günlərə qədər gəlib çatıb  və Luara vadisinin bəzəyinə çevrilib. 
 
Hesab edilir ki,  hər bir qəsrin öz  əfsanəsi, öz sirri olmalı, burada ən azı kabus dolaşmalıdır.  Avstriyada yerləşən möhtəşəm və əlçatmaz  Hohostervits qəsri heç vaxt fəth olunmayıb. Beş qaldırıcı körpüsü  və 14 qülləsi olan bu qəsri hücumla almaq mümkün deyildir.  Təsəvvür edin ki, bu qəsri boyu 2 metr 50 santimetr olan cəngavərlər mühafizə edib... Hazırda qəsrin muzeyində məhz belə ucaboylu döyüşçünün təchizatı saxlanılır.  Nəhəng pəhləvanın sirrini  heç kəs aça bilmir.  O, kim olub və əsli haradandır? Üzü niqablı cəngavər susur. 
 
Bayronu “Şilyon məhbusu” poemasını yazmağa ruhlandıran İsveçrədəki  Şilyon qəsri  qorxunc yeraltı zirzəmiləri ilə şöhrət qazanıb. 
 
Britaniya kraliçası II Elizabetin  anadan olduğu Qlemis qəsrində  kabuslar dolaşır: Solğun xanım və donub qalmış paj, cadugərlikdə ittiham edilmiş xanım və qüllənin divarlarına diri-diri hörülmüş qızlar.  Lakin onların kabusu  kral ailəsini əsla narahat etmir. 
 
Gənc, yaraşıqlı, xəyalpərvər Bavariya kralı II Lüdviq cəngavər qu quşu  Loenqrin barədə  əfsanəyə o qədər aludə olur ki,  XIX əsrin ikinci yarısında  Noyşvanştayn qəsrini ucaldır.  Hazırda bu qəsr Almaniyanın vizit kartı sayılır.  Yeri gəlmişkən, Almaniyanın  başqa qəsrləri də  əfsanə və nağıllarla sıx bağlıdır.  Burada böyük məmnuniyyətlə turistlərə Qızılsaçın qəsrini – Trendelburqu  göstərirlər. Barmağına iynə batan Şipovniçek adlı şahzadə qız qızılgüllərə bürünən  Zababurq qəsrində yüz il yuxuya gedib. Qəsrlərin tarixi əjdahalar, cəngavərlər, gözəl xanımlar və trubadurlar haqqında nağıllarla zəngindir.  Fransanın Luara vadisində yerləşən qəsrlərin çoxunu  gözəl saraylara çeviriblər. Bu qəsrlər arasında ən məşhuru XII əsrə aid qalanın yerində 1521-ci  ildə ucaldılmış  Şenonso, yaxud Qadın qəsridir.  Kral ailəsinə məxsus olan bu qəsr gözəlliyinə görə yalnız Versaldan geri qalırdı.