Nağıllar, hekayələr

Eşqin Məmmədov. Vətən torpağı

1970 – ci il. Sovetlər ölkəsi. Hər il olduğu kimi bu il də , yenə hərbi çağırış üçün  ailələrə povestkalar göndərilirdi. O zamanlar bizim kəndimizdə poçtalyon, Həmid dayı idi. Səhər qapının üstündəki poçt qutusuna nəzər yetirəndə, məktub gəldiyini gördüm . Məktubun üstü ən sevdiyim markalardan biri ilə bəzədilmişdir. Mən məktubun üstünü oxuduqda, artıq məsələnin nə yerdə olduğunu anladım. Tez anama xəbər etdim ki , ayın 3–ü əsgər gedirəm.  


Bir gün öncə qohum-tanış bizə yığılıb, məni yola saldılar. Səhər, Salman kişinin at arabası ilə kəndin çıxışına, yəni  “Poçt yolu“ deyilən əraziyə kimi gəldik. Burdan rayon mərkəzinə isə Allah kərimdir deyib , piyada tərpəndik. Mənimlə bərabər  qonşu kənddən Azad adlı oğlan da gedirdi . Bir xeyli yol qət etmişdik ki , Salahlı kəndindən kolxoza məxsus Zil markalı maşın çıxdı. Əl edib, saxladıq.


- A bala nə lazımdır?- deyə sürücü soruşdu.


- Əmi bizi rayona qədər apararsan?


- Buyurun ,əyləşin.


Biz rayona yetişdik. Vayonkomatın  qarşısında xeyli insan toplaşmışdı.  İzdihamın içindən keçib , həyətə daxil olub  növbəyə durduq. Daha sonra bizi avtomobillərə mindirib, Bakıya gətirdilər. 


O zamanlar hamı Biləcəridən yola salınırdı. Bizi sıraya düzüb yenə böldülər. Azad Kuril adalarına getməli oldu. Mən isə qərbə, yəni Şərqi Almaniyaya. 


Bizə hərbi forma verilən zaman, kənddən özümlə götürdüyüm büküncəyi güclə gizlətdim. Nəhayət biz molodoy tabora gəldik. Bir neçə ay təlim keçdikdən sonra məni zastavaya apardılar. Artıq xidmət günləri başladıqca, vətən üçün darıxmaq, xatirələr oyanmağa başlamışdı. Bu zastavada 3 azərbaycanlı idik. Qalanları isə başqa xalqların nümayəndələri idilər. 


İki ilə az qalmışdı, Novruz bayramı ərəfəsi idi, biz üç azərbaycanlı gənc, el-oba üçün, xüsusən də  bayram üçün, çox darıxmışdıq. Həmin günü heç keyfimiz yox idi. Serjantlardan biri alman Fridrix idi. Nəhəng bir bədənə malik idi. Zahirən qorxunc görünsə də , ürəyi yuxa adam idi. Starşinamız Bandarçuk da əla oğlan idi. Kambatımız  Tejeloviski biraz qaba adam  idi. Onunla hər zaman dil tapmaq mümkün deyildi. Uşaqların keyfini açmaq üçün Firidrixdən icazə istədim.


- Yoldaş Serjant, icazə olar sizə sual verim?


- Buyurun.


- Bu gün bizim milli bayramımızdır, əgər icazə versəydiniz, biz bir saat  sinif otağında qalardıq?


- Buyurun, ancaq sakit.


- Oldu deyib, ayrılaraq uşaqların yanına gəldim.


Uşaqlar həmin vaxt  iş görürdülər. Mən plastın başından onlara səsləndim:


- Seymur, Asif, tez  sinif otağına gəlin. Yoldaş starşinadan icazə almışam. 


Bu zaman, erməni Arman qışqırdı:


- Cəlil biz də?


- Yox ,siz pasılka gələndə gələrsiz.


Beş dəqiqə sonra biz sinif otağında cəm olduq. Seymur soruşdu:


- Cəlil, sən canı yenə nə hoqqa tapmısan?


- Əşi nə hoqqa, bayram deyil?


- Bayramdır.


- Elədirsə, dedim kefinizi biraz açım.


Kənddən bəri min əziyyətlə saxladığım, büküncəyi nəhayətki kitelin altına tikdiyim, parçanın arasından çıxarıb, stolun üstünə qoydum. Uşaqlar təəccüblə bunun nə olduğuna baxırdılar. Aramla büküncəyi açdım, içindəki kənd torpağı idi. Asif soruşdu:


- Bu nədir?


- Vətən torpağı.


Hər üçümüz min kilometrlərlə aralıda bu bir damcı torpağı öpüb, ağladıq. İçimizdəki fırtına sakitləşdi. Qalan xidmət zamanı hər gün uşaqlar gəlib xəlvət o torpağı öpürdülər. Biz tərxis olunduqdan sonra, topağı yenə yerinə qaytarıb, tökdüm.


Bəli, bizi 3 il min əziyyətə dözməyə sövq edən , məhz o Vətən Torpağı idi. Onun üstündə yenidən yerimək üçün, ancaq hərəkət etmək lazım idi.