Xəbərlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar Beynəlxalq Əlillər Gününü qeyd ediblər

3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gəncə Dövlət Kukla Teatrında xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə tədbir keçirilib.


AZƏRTAC xəbər verir ki, tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin köməkliyi və "BP Cənubi Qafqaz Boru" Kəməri Layihəsinin maliyyə dəstəyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən (İƏRM) bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə hazırlanıb.


Tədbirdə çıxış edən Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova bildirib ki, 2003-cü ildə yaradılan mərkəzdən fəaliyyət müddətində 1200-dən artıq uşaq yararlanıb. Həftə ərzində 80-dən çox uşağın fərdi və qrup məşğələlərinə gəldiyini qeyd edən Rəzalə Abbasova, uşaqların teatr səhnələrində də iştirak edərək özlərini cəmiyyətin bir hissəsi olduqlarını sübut etdiklərini vurğulayıb. Rəzalə Abbasova mərkəzdə reabilitasiya keçən uşaqların bir çoxunun artıq normal həyata inteqrasiya edildiyini diqqətə çatdırıb.


Tədbirdə mərkəzdə fəaliyyət göstərən, “Xalq yaradıcılığı”, “Bacarıqlı əllər” dərnəklərinin və Gəncə İƏRM-nin üzvü olan uşaqlar mahnılar oxuyub, musiqilər səsləndirib, rəsm sərgisi nümayiş etdiriblər. Həmçinin müxtəlif uşaq tamaşalarından parçalar göstərib, xalq rəqsi, idman hərəkətləri və şeirlərlə çıxış ediblər.


Sonda uşaqlara hədiyyələr təqdim olunub.