Günel Almaz. Səbət
Payız idi. Bağda meyvələr göz oxşayırdı. Nərgizin babası meyvələri səbətlərə yığırdı. Nərgiz həvəslə babasına yanaşdı:
- Səbətin birini mənə ver, babacan, sənə kömək edim.
- Yox, mənim balam, səbətlər çox iridir, sənə ağır olar.
Nərgiz ağlamsındı. Babası onun qəlbinə dəyməmək üçün nisbətən kiçik səbəti qıza uzatdı:
- Yaxşı, al bunu. Yorulanda deyərsən.
- Yorulmayacağam, babacan.
Onlar evə tərəf bir xeyli getdilər. Nərgiz arabir dayanır, səbəti yerə qoyur, nəfəsini dərirdi. Babası gülümsündü:
- Mənim balam, bəs deyirdin yorulmaram?
- Yorulmamışam, babacan. Sadəcə səbətlər getdikcə ağırlaşır.
22.12.2020