Görkəmli şəxsiyyətlər

Sara xanım Aşurbəyli

Bakının yorulmaz tədqiqatçısı, əsl elm fədaisi, Azərbaycan tarix elminin sütunlarından biri olmaqla, Azərbaycan xalqının milli sərvətinə çevrilmiş Sara xanım Aşurbəyli bütün ömrü boyu vətənpərvər bir ziyalı həyatı yaşamışdır. Məşhur tarixçi Bakı neft sənayeçisi və xeyriyyəçi Bala bəy Aşurbəylinin ailəsində dünyaya göz açıb. O bu nəslin ən görkəmli təmsilçilərindən biri olaraq Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin tarixinin tədqiqinə öz misilsiz töhfələrini verib. Faciəli tale yaşamış Sara xanım orta əsrlər Abşeronunun fundamental araşdırıcısı kimi bütün dünyada tanınır. Məhz Sara xanım Aşurbəylinin səyi nəticəsində Aşurbəylilərin geniş nəsil şəcərəsini bərpa etmək mümkün olmuşdur.


O, 1925-ci ildə İstanbulda Janna Dark adına fransız kollecini bitirmişdir. Yeddi dili: ingilis, fransız, alman, ərəb, fars, türk, rus dillərini mükəmməl bilirdi. Əcnəbi dilləri bilməsi hansısa məqamda Sara xanımın əlindən tutur, təqib olunduğu illərdə xarici dillərə yiyələnməsi və rəssamlıq təhsili ona ağır yaşam illərinə tab gətirməkdə böyük yardımçı olur. Belə ki Sara xanım Azərbaycan Dram Teatrında rəssam-dekorator kimi çalışır. Bundan başqa, o həm də xarici dilləri gözəl bildiyinə görə Üzeyir Hacıbəylinin dəvəti və köməyi ilə 15 il ardıcıl olaraq Dövlət Konservatoriyasında xarici dildən dərs deyir.
O özünün yüksək intellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mədəniyyəti naminə tətbiq etmişdir. Onu yaxından tanıyan insanların yaddaşında Sara xanım nəcib, üzügülər, alicənab və əsilzadə bir xanım kimi qalmışdır.


Sara xanımı Azərbaycan tarixşünaslığında əbədi yaşadan onun qədim Bakının (İçərişəhərin) tarixinə dair olan tədqiqatlarıdır. O, ilk və yeganə tarixçidir ki, öz həyatını Bakı (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr etmişdir. Bu əsərlərdə qədim Bakının yaranma tarixi orta əsrlər Bakısının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunmuşdur.


S.Aşurbəylinin yorulmaz fəaliyyəti nəticəsində minillik tarixə malik, İçərişəhər memarlığının formalaşmasına böyük töhfələr vermiş qüdrətli Şirvanşahlar dövlətinin sosial-siyasi, iqtisadi, mədəni həyatı VI əsrdən XVI əsrə kimi zəngin mənbələr əsasında araşdırılmış, Şirvanşahlar sülaləsinin tarixi, şəhərlərin iqtisadi vəziyyəti və inkişafı, əhalinin tərkibi, feodal cəmiyyətinin quruluşu kimi məsələlər geniş tədqiq olunmuşdur. Sara xanım “Bakı tarixinə dair oçerklər”, “Bakı şəhərinin tarixi: orta əsrlər dövrü”, “Şirvanşahlar dövlətinin tarixi” və digər kitabların müəllifidir. Bu tədqiqatlarına görə 1949-cu ildə Sankt-Peterburqda tarix elmləri namizədi, 1966-cı ildə Tiflisdə isə tarix elmləri doktoru alimlik dərəcələri almışdır.


S.Aşurbəyli Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. O, fortepianoda həm Azərbaycan təranələrini, muğamlarını, həm də Avropa klassik musiqisini əla ifa edirdi.


Sara xanım bir çox rəsm əsərlərinin müəllifi olmuş, 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə sərgilərdən birində onun “Göygöl” adlı əsərini Meksika nümayəndələri almışdır və bu əsər indi Meksika muzeylərindən birinin eksponatıdır.


Sara xanımın mənəvi zənginliyi, alicənablığı, elmə xidməti və ümumilikdə, Azərbaycanın tarixinə, mədəniyyətinə olan sonsuz məhəbbəti irsi bir hal idi. Bütün bu müsbət keyfiyyətlərin təzahürü idi ki, Aşurbəylilər soyadına vurulan nahaq damğaya - “xalq düşməni” damğasına baxmayaraq, Sara xanım adına və nəslinə layiq bir tərzdə öz fəaliyyətini davam etdirmişdir.


2001-ci il iyulun 17-də 96 yaşında vəfat edən Sara Aşurbəyliyə - “Sizin ömrünüz heç də sadə bir insan ömrü olmayıb, nə vaxtsa memuar yazacaqsınızmı?” sualını verəndə o belə cavab vermişdir:

“Bilirsiniz, mən, bəlkə də, heç nə yazmayacağam. Çünki mənim ömrüm doğmalarımın itkisi, dövrün və bir qrup insanların ədalətsiz münasibətləri, xəyanətlər ilə dolu keçib. Bunları yazmaq o hadisələri yenidən yaşamaq deməkdir. Mən bunu bacarmaram... ”


Bu, taleyin ən sərt zərbələri qarşısında belə əyilməyən, bütün ömrünü Azərbaycan tarixinin tədqiqinə həsr edən Sara xanımm ilk və son etirafı idi.