Xəbərlər

Bu gün Beynəlxalq Dağınıq Skleroz Günüdür

Hər il may ayının sonuncu çərşənbəsi Beynəlxalq Dağınıq Skleroz Günü qeyd olunur. Beynəlxalq Dağınıq Skleroz Günü bu problemlə məşğul olan Beynəlxalq Federasiya tərəfindən təsis edilib.


Dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beyni zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. Xəstəlik sinir liflərinin üzərini örtən ağ piy maddəsi mielinin yox olması - xaotik dağınıq mielinsizləşmə ocaqlarının yaranması ilə səciyyələnir.


Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda xəstəlik çox sürətlə irəliləyir. Klinik müayinələr göstərir ki, xəstələrin MSS-də zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Diaqnozun təsdiqlənməsi üçün yeganə bir patoqnomonik test mövcud deyil və xəstənin sağlığında çox nadir hallarda onu təsdiq edən histoloji müayinə mümkün olur.


Son vaxtlar dağınıq skleroz xəstəliyinin yaşı xeyli cavanlaşıb. Bu xəstəlik müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilər. Xəstəlik özünü görmənin zəifləməsində, əl, ayaqlarda keyliyin hiss edilməsidə, başgicəllənmədə göstərə bilər. Bunun üçün də insanlar hansısa narahatlıq hiss etdikləri zaman mütləq həkimə getməlidirlər.


Bu xəstəliyin tam sağalması üçün hal-hazırda müalicə növu yoxdur. Həkim məsləhətləri və müalicəsi ilə yanaşı bu xəstəlikdən əziyyət çəkənlər siqaret və alkoqoldan uzaq olmalı, normal müddətli yuxu yatmalı, stressdən uzaq durmağı və fiziki aktivliyi təmin etməlidir.


Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli sərəncamı ilə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” qəbul olunub. Təsdiq edilən qərardan sonra bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsi, onların inyeksiya vasitələri və dərman preparatları təminatı ilə təmin edilməsi şəraiti yaradılıb.