Xəbərlər

Daha dörd komanda “Hazırcavablar” intellektual oyununda gücünü sınayıb

Bakı, 21 iyun, AZƏRTAC

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət daha dörd komanda “Hazırcavablar” intellektual oyununda gücünü sınayıb.

 

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, növbəti yarışmada 244, 250, 260 nömrəli tam orta məktəblərin və 2 nömrəli Texniki-Humanitar Liseyin komandaları iştirak edib. Məktəblilər “Azərbaycan dili”, “Kimya”, “Coğrafiya”, “Hökmdarlar” və “Məşhur Azərbaycan xanımları” bölmələri üzrə sualları cavablandırıblar.

 

İntellektual oyunun nəticələrinə əsasən, 2 nömrəli Texniki-Humanitar Liseyin komandası qalib gəlib.

 

“Hazırcavablar” intellektual teleoyununun keçirilməsinin əsas məqsədi məktəblilərin bilik səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını artırmaq, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmalarını təmin etmək də layihənin əsas hədəflərindəndir.

 

Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə AzTv-də yayımlanır.