Xəbərlər

Əmman Uşaq Muzeyi - dünyanı birlikdə dərk edirik!

Əmman Uşaq Muzeyi təkcə İordaniya paytaxtının ən populyar görməli yerlərindən biri deyildir. O, həm də uşaqların asudə vaxtlarını əyləncəli keçirmələri üçün əsl tapıntıdır. Təsadüfi deyildir ki, muzeyə həm turistlər, həm də iordaniyalılar böyük həvəs və maraqla gəlirlər. Bu qəribə muzeyi başqalarından fərqləndirən başlıca cəhət budur ki, bura başdan-başa müxtəlif interaktiv eksponatlarla doludur, “Oyun vasitəsilə dərketmə və təhsil” sözləri isə muzeyin əsas devizidir.
 
Muzey oyunlar vasitəsilə maraqlı təcrübə qazanmağa, kəşflər etmək və tədqiqatlar aparmaq bacarığı aşılamağa imkan verir. Muzeydə oyun yaradıcılığı üçün müxtəlif sənətlər, elm, inşaat, habelə tapmaca və kitablar vasitəsilə yaradılan inkişafetdirici oyuncaqların geniş çeşidi təqdim olunub. Burada uşaq həm bioloq, həkim, diyetoloq, həm fizik, kimyaçı, texnik, həm də inşaatçı, mexanik, kosmonavt, təyyarəçi ola bilər.
 
O, həm də özünü tarixçi, musiqiçi, jurnalist, aparıcı və xilasedici kimi sınaqdan keçirə bilər. Muzeydə xeyli əyləncəli proqram, o cümlədən təqribən 15 interaktiv oyun təqdim olunub. Əsas məsələ budur ki, buradakı eksponatlar təkcə onlara tamaşa etmək üçün nəzərdə tutulmayıb. Onları həm ələ götürmək, həm də öz əlinlə nəsə düzəltmək olar. Bütün bunlar onların yaradıcılıq potensialını üzə çıxarmağa və məntiqi təfəkkürlərini inkişaf etdirməyə kömək edir.
 
Məsələn, art-studiya rəssamlıq istedadını üzə çıxarmaq üçün hər yaşdan olan uşaqlar üçün maraqlı proqramlar hazırlayır, “Secret Garden” pavilyonunda uşaqlar təbiətə daha yaxın olur, ətraf mühitə bələd olur, bitki sortlarını, onların yetişdirilməsi qaydalarını öyrənirlər. Muzeyin kitabxanası uşaqlarda kitaba məhəbbət oyadır. Burada ərəb və ingilis dillərində elmi fantastikadan tutmuş yemək hazırlanmasına qədər hər zövqə uyğun geniş çeşiddə uşaq nəşri var. Muzeydə cizgi filmləri nümayiş etdirilir. Uşaqlar mağazaya gedib ya alıcı, ya da kassir ola bilər. Onlar özlərini həkim rolunda da sınaqdan keçirə bilərlər. Burada banka getmək, pilot olmaq, özünü orbital stansiyada kosmonavt kimi hiss etmək və ya sadəcə əyri güzgülərdə özünə tamaşa etmək mümkündür.