Samuil Yakovleviç Marşak
Marşak Samuil Yakovleviç 1887-ci il noyabr ayının 22-də Voronej şəhərində anadan olmuşdur. Uşaq yaşlarından şeir yazmağa başlamışdır. 1902-ci ildə V.V.Stasov onu M.Qorki ilə tanış etmişdir. 1904-1906-cı illərdə Marşak Yaltada M.Qorkinin mənzilində yaşamışdır. Əsərləri 1907-ci ildən çap olunmuşdur.
1912-1914-cü illərdə London Universitetinin İncəsənət fakültəsində mühazirələr dinləmişdir. Marşak sovet uşaq ədəbiyyatının yaradıcılarındandır. Balacalar üçün yazdığı şeir, poema, nağıl, tapmaca, povest və pyeslərində mühüm ictimai məzmunlu mətləblərdən uşaq dilinə və psixologiyasına uyğun canlı, şən, maraqlı və anlaşıqlı bir tərzdə bəhs edilir.
Böyük Vətən müharibəsi dövründə və sonrakı illərdə antifaşist plakat və karikaturalar, satirik mətnlər yazmışdır.
Marşak S. lirik şair kimi də tanınmışdır. Onun 1962-ci ildə “Seçilmiş lirika” və lirik epiqramlar toplusu dərc olunmuşdur. 1960-cı ildə “Həyatın astanasında”adlı avtobioqrafik povesti, 1962-ci ildə isə “sözlə tərbiyə” adlı məqalə və qeydlər toplusu nəşr edilmişdir. V.Şekspirin sonetlərini, R. Berns, U. Bleyk, U.Vorsvort, R. Kiplinq və b. mahnı və balladalarını, eləcə də sovet xalqları şairlərinin əsərlərini tərcümə etmişdir.
Əsərləri SSRİ xalqları dillərinə, o cümlədən Azərbaycan dilinə bir çox xarici dilə tərcümə olunmuşdur.
Rus sovet şairi Marşak tərcüməçi, Lenin mükafatı lauratı (1963), SSRİ Dövlət mükafatı laureatı (1942, 1946, 1949, 1951) adlarına layiq görülmüşdür. İki dəfə Lenin ordeni, və başqa orden və medallarla təltif edilmişdir. Marşak Samuel Yakovleviç 1964-cü il iyul ayının 4-də Moskvada vəfat etmişdir.
11.10.2018