Xəbərlər

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür

02.04.2014. Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi var. Çünki məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. 
 
Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib.
 
Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmlərin yer aldığı kitab nəşr etdirib.
 
XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlanıb. D.Defo və C.Sviftin “böyüklər” üçün yazılmış “Robinzon Krunzo” (1719-cu il ) və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub. 
 
Qrim qardaşlarının nağıllar kitabı bu baxımdan diqqəti cəlb edir. 1846-cı ildən başlayaraq H.X.Andersenin qələmə aldığı nağılları uşaqlar bu gün də çox sevirlər. 
Sonralar yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. XIX-XX əsrlərdə Azərbaycanda uşaq ədəbiyyatı inkişaf edib. 
 
Hazırda Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də özünəməxsus şəkildə qeyd olunur. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri keçirilir.