Nağıllar, hekayələr

Vitaliy Bianki. İlk ov

Balaca küçük həyətdə toyuq qovalamaqdan bezib, çöldə vəhşi heyvan və quşları ovlamağa qərar verdi. O, qapıdan çölə çıxıb çəmənliyə tərəf qaçdı.


Küçüyün gəlişini görən heyvan, quş və həşəratlar ondan necə qorunacaqları haqda düşündülər: "Özümüzü qorumağı yaxşı bilirik! Hər birimizin öz üsulu var!" – deyə onlar bir səslə dedilər.


Danquşu: "Onu aldadacam!"


Şanapipik: "Onu təəccübləndirəcəm!"


Buruqboyun: "Onu qorxudacam!"


Kərtənkələ: “Mənə yaxınlaşan kimi oradan qaçacam!”


Tırtıl, kəpənək, çəyirtkələr: "Ondan gizlənəcəyik!"


Bombardıman böcəyi isə "Mən onu burdan qovacam!" deyə düşündü.


Küçük qaçaraq gəlib gölə yaxınlaşdı. Suda bir ayağı üstə qamışların arasında danquşu dayanmışdı.


"İndi mən onu tutacam!" – deyə küçük düşünüb onun üstünə tullandı. 


Danquşu küçüyün hiyləsini anlayıb cəld qamışlığın içinə gizləndi. Külək əsdi, qamışlar geri-irəli yelləndi, bax beləcə, danquşu yox oldu... 


Köpək cəld ayağa qalxıb danquşunu axtarmağa başladı. O, ətrafa boylandı, amma hündür qamışların arasında danquşunu görə bilmədi.


"Yaxşı," - deyə o, düşündü, - "Danquşu məni aldatdı. Boş qamışlığa girməyəcəm ki!? Gedib başqa bir quş tutaram".


Küçük bir təpəyə çıxıb ətrafa boylandı, gördü ki, Şanapipik yerdə oturub tükləri ilə oynayır: ya onu açır, ya da bükür.


"İndi təpədən onun üstünə atlayacam!" – deyə küçük düşündü.


Şanapipik yerə əyildi, qanadlarını və quyruğunu açıb, dimdiyini yuxarı qaldırdı. Küçük gördü ki, quş bir anda yox oldu, amma yerdə rəngarəng bir parça və ondan çıxan əyri iynələr qalıb. Küçük təəccüblə öz-özünə dedi: “Bəs Şanapipik hara getdi? Bəlkə mən onu  parçaya bənzətmişəm?” - “Eybi yoxdur tezliklə başqa bir quş tutacam” – deyə küçük özü-özünü cəsarətləndirdi. 

Küçük ağacın yanına qaçdı və gördü ki, kiçik bir Buruqboyun quşu budaqda oturub ətrafa boylanır. Küçük ona tərəf qaçdı. Onu tutmağa gələn küçüyü görən Buruqboyun cəld ağacın dəliyinə girdi.


"Aha! – küçük fikirləşdi – Əlimə keçdin!". 


Küçük arxa ayaqları üstə qalxıb dəliyin içinə baxdı. Dəlikdə qara bir ilan qıvrılıb dəhşətli bir şəkildə fısıldayırdı. İlanı görən küçük qorxusundan geri atıldı; tükləri biz-biz oldu və cəld oradan uzaqlaşdı. Buruqboyun isə dəlikdən çıxıb küçüyün arxasınca baxıb fısıldayaraq güldü, çünki ilan kimi qıvrılan  – onun belindəki qara lələkləri idi.


"Uf! Yaman qorxdum! Daha quş ovlamayacam. Yaxşı olar ki, gedib kərtənkələ tutum" – deyə küçük dilə gəldi.


Kərtənkələ bir daşın üstündə oturub, gözlərini yumub, günəşdə isinirdi. Küçük səssiz-səmirsiz ona yaxınlaşıb üstünə tullandı; kərtənkələ qıvrılıb cəld daşların arasına girdi, quyruğu isə küçüyün dişlərinin arasında qaldı... Küçük kərtənkələnin quyruğunu ağzından yerə atıb onun arxasınca hərəkət etdi, lakin onu heç bir yerdə tapa bilmədi, çünki kərtənkələ artıq çoxdan bir daşın altında oturub özünə yeni bir quyruq yetişdirirdi.

"Yaxşı...- deyə küçük düşündü - Əgər Kərtənkələ əlimə keçmədisə, heç olmasa həşəratları tuta bilərəm!".


Küçük ətrafa baxdı: böcəklər yerdə qaçışır, çəyirtkələr otların arasında tullanır, tırtıllar budaqlarda sürünür, kəpənəklər isə havada uçuşurlar. Küçük onları tutmağa tələsdi və birdən sirli bir şəkildə həşəratlar dairəyə döndülər: hamısı buradadır, amma heç biri görünmür... Yaşıl çəyirtkələr yaşıl otların arasında gizləndilər, tırtıllar budaqların üzərində uzanıb dondular, kəpənəklər isə ağaclara qonub qanadlarını qatladılar, bircə Bombardıman böcəyi yerdə hünərlə gəzir, heç bir yerə gizlənmirdi.


Küçük Bombardıman böcəyinə yaxınlaşıb, onu tutmaq istədi, lakin böcək dayanıb ağzından çıxan maye ilə küçüyün üstünə necə atəş etdisə küçüyün burnuna dəydi!


Qorxudan küçük zingildədi, quyruğunu aşağı salıb, çəmənlikdən keçərək düz həyətə doğru qaçdı. O, damına qısılıb burnunu çölə çıxarmağa belə qorxdu.


Heyvan, quş və həşəratlar isə - hamısı yenidən öz işləri ilə məşğul oldular!